Pekindəki simpoziuma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də dəstək verib

 

Çinin Xarici Əlaqələr İnstitutu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Çonqyan Maliyyə İnstitutu və Çinin Renmin Universitetinin birgə təşkilatçılığı ilə Pekində “Bir kəmər – bir yolun on ili: tərəqqi və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, tədbir qlobal infrastruktur təşəbbüsünün tərəqqisini və perspektivlərini müzakirə etmək üçün ekspertləri, diplomatları bir araya gətirib. Simpoziuma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan ölkələrin sabiq rəhbərləri də qatılıb.

“Bir kəmər – bir yol” təşəbbüsü Şərq-Qərb nəqliyyat dəhlizinin bir istiqaməti kimi (Orta Dəhliz) Çin tərəfindən irəli sürülüb.

Simpoziumda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Serbiyanın sabiq dövlət başçısı Boris Tadiç bildirib ki, “Bir kəmər – bir yol” təşəbbüsü dünyaya əvvəlkindən daha çox çoxtərəflilik gətirib və bu təşəbbüsün istiqamətində olan ölkələr üçün daha yaxşı şərait yaradıb. Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Türkiyə, Qərbi Balkanlar və Avropa İttifaqını bir araya gətirən, Avropa və Asiya arasında ticarət və tərəfdaşlıq üçün inkişaf edən digər mühüm təşəbbüsdür.

Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya bildirib ki, “Bir kəmər – bir yol” təşəbbüsü, əslində, qarşılıqlı fayda üçün birlikdə işləri necə edə biləcəyimizlə bağlı paradiqmanı dəyişir. O, diqqətə çatdırıb ki, hər il keçirilən Qlobal Bakı Forumunda bu təşəbbüsün əhəmiyyəti ilə bağlı müzakirələr aparılır.