Heydər Əliyevin 100 illiyi və Azərbaycan-Argentina diplomatik əlaqələrinin 30 illiyi münasibətilə

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü bu ölkədə silsilə tədbirlərlə qeyd olunub.

Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlərin davamı olaraq paytaxt Buenos-Ayresdə konsert təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirilmiş tədbirdə Argentinanın dövlət rəsmiləri, ictimai xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatlar, media təmsilçiləri iştirak ediblər.

Səfir Rəmzi Teymurov tədbirdə çıxış edərək müasir Azərbaycanın banisi Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti barədə danışıb. Ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, dövlətimizin uğurlu xarici siyasətinin həyata keçirilməsi və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınması istiqamətində Ulu öndərin müstəsna rolu diqqətə çatdırılıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Azərbaycan-Argentina münasibətləri haqqında danışan səfir ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və sair sahələrdə genişləndirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Sonra konsert proqramı təqdim olunub. Pianoçu Səadət İsmayılovanın müşayiəti ilə vokalçılar – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Rəşad İbrahimov, Mirəli Seyidzadə və Təbriz Yusubovdan ibarət muğam üçlüyünün ifasında Azərbaycanın milli musiqiləri səslənib.

Azərbaycan musiqi xadimlərinin ifaları tədbirə dəvət olunmuş qonaqlar tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.