Avqustun 23-də görkəmli kinoaktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80-ci ildönümü tamam olur.

Onlarla filmdə yaratdığı bir-birindən maraqlı obrazlarla, rejissor kimi lentə aldığı ekran əsərləri ilə kinosevərlərin yaddaşında silinməz iz qoyan Şahmar Ələkbərov 1943-cü ildə anadan olub. İncəsənət İnstitutunun Aktyorluq fakültəsinə qəbul olunan Ş.Ələkbərov burada Xalq artisti Rza Təhmasibin kursunda sənətin sirlərinə yiyələnib.

Aktyor kimi kinorejissor Kamil Rüstəmbəyovun 1967-ci ildə lentə aldığı “Dağlarda döyüş” filmindəki Fərrux obrazı ilə uğurlu debüt edib. “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” – ümumilikdə otuza yaxın filmdə aktyor məharətini göstərib. Həmçinin bir çox ekran əsərinin dublyajında iştirak edib, bənzərsiz səsi ilə məşhur kino qəhrəmanlarını tamaşaçılara sevdirib.

Bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. İlk olaraq rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Müstəqil olaraq “Sahilsiz gecə” və “Qəzəlxan” bədii filmlərini çəkib. “Yük” bədii filminin ssenari müəllifidir.

Milli kino salnaməmizə öz möhürünü vuran Şahmar Ələkbərov 1992-ci ilin 12 avqust tarixində, 49 yaşında vəfat edib.