Lənkəran elinin igid oğlu, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əbülhəsən Həsənzadə 44 gün davam edən haqq savaşımızda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalanlardandır.

26 yaşının tamam olması münasibətilə Əbülhəsən Həsənzadənin xatirəsi yad edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəmanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Əbülhəsən Mirzə oğlu Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzava kəndində dünyaya göz açıb. Vətən müharibəsində könüllü olaraq döyüşə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaəti ilə fərqlənib. 2020-ci ilin 4 noyabr tarixində şəhadətə qovuşub.

Dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlı, Füzuli və Şuşanın azad olunmasına görə medallarına layiq görülüb.

Zəfər Orucoğlu