Xətai Sənət Mərkəzinin yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirmə məqsədilə elan etdiyi “Təbiətimizin sovqatı” adlı uşaq rəsm müsabiqəsi başa çatıb.

Avqustun 28-də Xətai Sənət Mərkəzində müsabiqənin yekun sərgisi açılıb.

Sərgidə nümayiş olunan əsərlərin müəlliflərinə sertifikat təqdim olunub. Həmçinin, sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərib. Nəzərdə tutulduğu kimi, təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verməklə 152 əsər seçilib.