Rəssam Əsmər Nərimanbəyova Qazaxıstanda simpoziuma qatılıb

 

Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova 17-31 avqust tarixlərində Qazaxıstanda keçirilmiş “Botay – Böyük səhranın mədəniyyəti” II Beynəlxalq Simpoziumda iştirak edib.

Simpoziuma doqquz ölkədən 20 rəssam qatılıb. Onlar regionun tarixi və mədəni irsi ilə tanış olub, yeniyetmələr üçün ustad dərsləri keçib, eləcə də “Botay” Respublika Dövlət Muzey-Qoruğunun və Ayırtau rayonunun Şalkar-İmantau kurort zonasının ərazisində plenerdə iştirak ediblər.

Əsmər Nərimanbəyova simpoziumla bağlı zəngin təəssüratı olduğunu deyib: “Çox maraqlı, dolğun tədbir idi. İlk həftə biz təbiətin qoynunda işləyirdik, plenerdə iştirak etməklə təəssürat toplayırdıq, təbiətin gözəlliyi ilə nəfəs alırdıq. İkinci həftə  Petropavlovskda emalatxanalarda işə davam etdik. On beş gün ərzində mən hesabat sərgisi üçün 6 əsər yaratdım. Eyni zamanda biz uşaq evlərində ustad dərsləri keçdik. Bu çox gözəl, müsbət prosesdir. Uşaqlar rəsm əsərlərini bizimlə birlikdə yaradıblar. Uzun masalarda kağız rulonunu açaraq, birlikdə işləmək mənim ideyam idi...”.

Rəssam simpozium çərçivəsində ümumilikdə yüzdən çox rəsm əsəri yaradıldığını bildirib: “Bu cür simpoziumlar çox gözəl təşəbbüsdür, çünki dünyanın müxtəlif ölkələrindən olan rəssamlar bir məkanda görüşə, ünsiyyət qura, təcrübə mübadiləsi apara bilərlər. Bundan əvvəl mən Serbiyada olmuşam, orada da forumda iştirak etmişəm. Orada başqa bir mühit var idi, çünki dünyanın digər hissəsindən rəssamlar toplaşmışdı. Bu, hər zaman çox maraqlıdır”.