O lap uşaqlıqdan müğənni-xanəndə olmağı arzulayırdı. Hələ orta məktəb illərindən mahnı və muğam oxumağı çox sevirdi. Gözəl səsi, xoş avazı, ürəyi titrədən zəngulələri ilə könülləri oxşayırdı. Müəllimləri, qohum-qonşuları və dostları əmin idilər ki, Nazim yaxşı xanəndə olacaq. Orta məktəbi bitirib sənədlərini indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdi. İstedadı ilə imtahanlardan uğurla keçərək tələbə adını qazandı.

Nazim Sərkar oğlu Həsənov universitet təhsilini uğurla başa vurub doğma Zərdaba qayıtdı. Amma bir müddət ixtisasına uyğun iş tapa bilmədi. Əlacsız qalan gənc xanəndə Mədəniyyət evində fəhlə işləməyə başladı. Səsi, avazı yerində, sənətə olan sevgisi də heç azalmamışdı. Müdriklər deyir ki, istedad günəş kimidir, gec-tez bir gün parlayacaq. Qəlbəyatan səsini, məharətli ifasını nəzərə alaraq Nazimi mədəni-kütləvi tədbirlərə tez-tez dəvət edir, fəhlə kimi çalışan bu incəsənət adamının ifalarından zövq alırdılar...

Nazim Həsənov, nəhayət, Qoşaoba kənd Diyarşünaslıq evinin bədii rəhbəri təyin edildi. O gündən nəinki kollektivlərinin, həmçinin rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirlərin hazırlanmasında yaxından iştirak etdi. Qısa müddət sonra ona daha böyük etimad göstərildi və Diyarşünaslıq evinin direktoru vəzifəsi Nazim müəllimə həvalə edildi.

Onu da qeyd edim ki, Nazim Həsənov gənc yaşlarından görkəmli müğənni, Xalq artisti Niyaməddin Musayev sənətinin vurğudur. Onun repertuarında yer alan mahnılara daha çox müraciət edir. “Dünya sənin, dünya mənim” mahnısını isə xüsusi şövqlə ifa edir.  Onları sənətlə yanaşı, dostluq telləri də birləşdirir.

Bu günlərdə Zərdab rayon Mədəniyyət Mərkəzində Nazim Həsənovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Müğənninin incəsənətə bağlılığından, sənət yolunda qazandığı uğurlardan danışıldı. Mərkəzin direktoru Elyurə Məmmədova ifaçının səsi, avazı ilə tamaşaçı sevgisi qazandığını vurğuladı.

Yeri gəlmişkən deyim ki, Nazim müəllimin sənət yolunu oğlu Hikmət Sərkarzadə davam etdirir. O, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecini tar ixtisası üzrə bitirib, rayonda da keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.

Gənc yaşlarından dəfələrlə müsabiqələrin qalibi olan, ifaçılıq sahəsində uğurlara imza atan Nazim müəllimi yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, cansağlığı, uzun ömür və yeni-yeni sənət sevincləri arzulayırıq.

Oxu, Nazim, oxu! Sən oxuyanda nə qədər kövrəlsək də, ruhumuz bir o qədər dincəlir, mənəvi rahatlıq tapırıq.

Mübariz Səfiyaroğlu
şair-publisist