Cəlilabad rayonunda mövcud olan Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə dair yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. Çoxsaylı tarixi tapıntılar arasındakı insan skeletlərinin qalıqları qədim dəfnetmə adəti ilə bağlı yeni məlumatları üzə çıxarıb.

Rayonun Cəfərxanlı kəndində yerləşən məkanda bir il öncə də arxeoloji qazıntılar aparılıb. Burada üzə çıxan nümunələr ərazidə fasiləsiz həyatın olması ilə bağlı ilkin təsəvvürlər yaradıb. Ərazidə qədim insanların məşğuliyyəti ilə bağlı Neolit dövrünə aid saxsıdan, sümükdən və dəvəgözü daşından hazırlanmış çoxsaylı məişət, bəzək əşyaları üzə çıxıb. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Vəfa Mahmudova bildirib ki, saxsı məmulatlarında müxtəlif bəzəklərə rast gəlinir.

Tapıntılar arasında qədim dəfn adətləri ilə bağlı nümunələr də var. Üz-üzə dəfn edilmiş iki insan sümüyünün qalıqları burada qoşa dəfnetmə adətlərinin mövcudluğundan xəbər verir. Həmçinin qəbir qalıqları ilə paralel ərazidə həmin şəxslərin məşğuliyyətindən xəbər verən istehsal sobası da aşkarlanıb.

Tarixçi Elçin Hüseynov qeyd edib ki, aparılan araşdırmalar Cəlilabadın tarixinin çox zəngin olduğunu bir daha göstərir: “Bura qədim insanların yaşayış yeri olub. Tapılan eksponatlardan da görünür ki, qədim insanlar burada uzun müddət yaşayıblar”.

Mütəxəssislərin fikrincə, Paşatəpə artefaktının araşdırılması Qafqaz arxeologiyasında erkən əkinçilik mədəniyyəti və sənətkarlıqla bağlı yenilikləri üzə çıxara bilər.