6 sentyabr Azərbaycan teatr və kino sənətində məxsusi iz qoymuş Xalq artisti İlham Əsgərovun (1958-2015) xatirə günüdür. Teatr səhnəsində, televiziya tamaşalarında, filmlərdə oynadığı rollarla tamaşaçı rəğbəti qazanan aktyor səkkiz il əvvəl qəfil ölümü ilə sənətsevərlərə dərin kədər yaşatmışdı. Yaşasaydı, bu il 65 yaşını qeyd edəcəkdi...

İlham Təvəkkül oğlu Əsgərov 1958-ci il iyulun 16-da Masallı rayonunun Xançobançı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilib və ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Eyni zamanda “Sarıköynəklə Valehin nağılı” (İ.Əfəndiyev), “Kimdir haqlı?” (B.Vahabzadə), “Səndən xəbərsiz” (A.Qəhrəmanov) və s. teletamaşalarda yaddaqalan obrazlar yaradıb. “Doğma sahillər”, “Biz qayıdacağıq”, “Qəzəlxan” bədii filmlərində çəkilib.

Aktyor oyunu ilə yanaşı, səsi ilə də sevilirdi. Bir sıra filmlərin səsləndirilməsində iştirak edib. Azərbaycan Radiosunun “Bulaq” verilişinin unudulmaz aparıcılarından idi...