Azərbaycan coğrafiyasında İslam dininin yayılmasında sufilərin böyük xidmətləri olmuşdur. Onların xoşməramlı İslam anlayışları insanların könlünə təsir etmiş və bu dinin qəbulunu sürətləndirmişdir.

Sufilik Şərqdə X-XII əsrlərdə artıq ideya cərəyanlarından biri kimi formalaşmışdır. X əsrin sonlarından etibarən sufi icmaları təşkil olunub geniş yayılmağa başlamışdır. Ayrı-ayrı şeyxlər öz ətrafında çoxlu müridlər toplayır, onlar üçün tərtib etdikləri ciddi adətlər üzrə gələcək davamçılarını hazırlayırdılar. Bu hazırlıq prosesi zaviyə, dərgah, təkyə, xənəkə, xanəgah deyilən yerlərdə baş verirdi.

Səyyah İbn Cəbirin məlumatından və sair mənbələrdən də məlum olur ki, XI əsrin ikinci yarısında İslam ölkələrində mədrəsələrin, xanəgahların təşkili və sayı sürətlə artmışdır. Bununla əlaqədar, ali təhsil imkanları da genişlənmişdir. Bu vəziyyət, ümumiyyətlə, Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycanda məktəb şəbəkəsinin genişlənməsinə müsbət təsir göstərmişdir. O dövrdə Azərbaycanda bir çox xanəgahların mövcud olduğu məlumdur ki, onların da əksəriyyətini tədris ocaqları kimi qiymətləndirməyə əsas var. Çünki vaxtilə xanəgahlarda da tədris təşkil edilmişdir.

Əbu Nəsr Şirvani tərəfindən Şamaxıda təşkil edilmiş xanəgahla əlaqədar Məhəmməd ibn Münəvvərin “Əsrar əl-touhid” əsərində verilən bir məlumatdan aydın olur ki, həmin dövrdə Şirvanda 400-dən çox xanəgah fəaliyyət göstərmişdir. Bu xanəgahlardan biri də Pir Hüseyn xanəgahıdır. Pir Hüseyn xanəgahı Azərbaycan memarlıq nümunələri arasında seçilən qədim tikililərdəndir. Ümumilikdə, xanəgahlar ölkənin mədəni, iqtisadi-siyasi münasibətlərində mühüm rol oynadığı üçün daha çox karvan yolları üzərində inşa olunurdu. Xanəgahlar dini mərasimlərin tələblərinə uyğun binaların birləşməsindən ibarət olmuşdur. Kompleksə ibadət və ayinlərin icrası üçün tikililər, camaatxana (yəni ümumi məsələlərin müzakirə olunduğu yer), təsərrüfat üçün lazım olan tikililər və s. daxil idi.

Ölkə əhəmiyyətli XI-XIV əsrlərin yadigarı olan Pir Hüseyn xanəgahı özündə bir çox cavabları gizləyən tarixi abidələrimizdən biridir. Bir çox alimlərin marağına səbəb olmuş tarixi abidə Bakı-Salyan karvan-ticarət yolunun üzərində, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi ərazisində, Pirsaat çayının şərq sahilində yerləşir. Onun xanəgahlar arasında fərqli yer tutmasının səbəbi memarlıq üslubunun mükəmməlliyidir.

Əsl adı Əl-Hüseyn ibn Əli olan Pir Hüseyn Şirvani 954-cü ildə Şirvanda dünyaya göz açmışdır. O daha çox “Pir Hüseyn” adı ilə tanınmışdır. Rus şərqşünası Vera Kraçkovskaya (1884-1974) onun İranın İstəxr şəhərinin Rəvan kəndindən olduğunu göstərsə də, eyni zamanda kaşı parçalarının kitabələrini yazan xəttatların xeyli səhv buraxdıqlarını, hətta Quran ayələrini belə səhv köçürdüklərini üzə çıxarmışdır. Ərəb qrafikası ilə yazılmış “Şirvanan” sözündə “Şin” hərfini yazmadıqlarına, (digər bir mülahizə isə sonradan “Şin” hərfi qopduğuna) görə  “Rəvanan” sözü alınmışdır. XIII əsr İran tarixçisi Həmdullah Qəzvininin Pir Hüseyni “Şirvanan” kimi qeyd etməsi onun məhz İrandan deyil, Şirvandan olduğunu sübut edir. Bunu əsaslandıran səbəblərdən biri də Pir Hüseynin həyat və fəaliyyətinin, abidəsinin Şirvan ərazisində yerləşməsidir.

Pir Hüseyn Şirvani öz təhsilini Xorasanda fəaliyyət göstərən Əbu Səid Əbu Xeyirdən almışdır. O, dövrünün görkəmli şəxsiyyəti, sufilikdə 3-cü dərəcəyə (Salik əl-Məsalik) çatmış, ruhani işləri ilə məşğul olmuş, imam ləqəbi almış, Azərbaycan elmi-fəlsəfi fikir tarixində, İslami-fəlsəfi dünyagörüşünün formalaşmasında böyük xidmətləri olmuş bir mütəfəkkirdir. Tarixi mənbələrdə qeyd olunduğuna görə, o, Şirvan şahlarından I Məniçöhr ibn Yəzdin, Əbu Nəsr Əli ibn Yəzdin, Qubad ibn Yəzdin, Buxt Nəssar Əli ibn Əhmədin vəziri olmuşdur. Sonuncu şahın hakimiyyət dövrü az olduğundan, ola bilsin ki, o həm də Sallar ibn Yəzdinin dövründə vəzirlik etmişdir. Pir Hüseyn 1072-ci ildə (bəzi mənbələrdə 1074-1075-ci illər) vəfat etmişdir.

Pir Hüseyn Şirvaninin həyat və fəaliyyəti haqqında geniş məlumat yoxdur. Xanəgah haqqında isə abidənin kitabələri və xalqın rəvayətlərindən başqa bir neçə tarixçinin qeydləri vardır. Həmin qeydlərin birində tarixçi Həmdullah Qəzvini yazırdı ki, Pir Hüseyn xanəgahının yüzlərlə müridi vardır. Xanəgaha məxsus vəqf torpaqlarında ona xidmət edən dərvişlər və işçilər (kişilər və qadınlar) yaşayırdı. Müridlər və dərvişlər barədə xanəgahın minarəsində də kiçik bir kitabə vardır ki, həmin kitabədə “Bura dərvişlər və müridlər məskənidir” qeydi var.

Dərvişlər və dərvişlik missiyası da təsəvvüfdə xüsusi yеr tutur. “Dərviş” farsca “qapı-qapı dolaşan”, “dilənçi” mənalarını vеrir. Sözün ərəbcə qarşılığı kimi “fəqir” anlamından istifadə еdilir. Daha çox səyyarı həyat kеçirən, miskin yaşayış tərzinə malik bu həqiqət aşiqləri zahiri ibadətləri yox, batini еtiqadı üstün tuturlar. Qəlbini ilahinin nuru ilə işıqlandıran və fənaya uğrayan həyat və axirətdən kеçən dərvişlər çox zaman gəzəri şəkildə təriqət idеyalarının təbliği ilə də məşğul olurlar.

Beləliklə, demək olar ki, Azərbaycanın, xüsusən də Şirvan bölgəsinin ictimai-tarixi və ədəbi-mədəni mühitinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynamış şəxsiyyətin – Pir Hüseyn Şirvani və müridlərinin Azərbaycanda İslam dininin yayılmasında, möhkəmlənməsində özünəməxsus yeri olmuşdur.

Məlum olduğu kimi, ölkəmizin maddi-mədəni zənginlikləri tarixən bədnam qonşuların maraq dairəsində olmuşdur. XIX əsrin əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər tarix mədəniyyət abidələrimizi dağıtmaq, talan etmək və mənimsəmək yolunu seçmişlər.

Erməni vandalizmindən zərər görən abidələrimizdən biri də Pir Hüseyn xanəgahıdır. 1907-ci ildə Tiflisdə Qafqazşünaslıq İnstitutunun elmi katibi Ter-Avetisyan xanəgahda işə başlamışdır. O, xanəgahda olan zaman buradakı kaşı bəzəklərinin kitabələrini bərpa edib oxumuşdur. V.Kraçkovskayanın yazdığına görə, Ter-Avetisyanın xanəgahda işə başlamasından sonra, xanəgah kaşıları yoxa çıxmışdır.

1913-cü ildə Parisdə yaşayan dəllal Dikran Kələkyan və Madam Duffanti xanəgaha gəlmiş, xanəgahın qalan kaşı parçalarını qopardaraq Parisdə hərracda satmışlar.

Pir Hüseyn xanəgahına ən böyük dağıdıcı zərbəni erməni quldur dəstəsi 1918-ci ildə vurmuşdur. Rus alimi V.Sisoyev 1925-ci ildə nəşr etdirdiyi məqaləsində bildirmişdir ki, xanəgah kaşı parçalarının çox hissəsi 1918-ci ildə bu kompleksi zəbt etmiş erməni hərbçiləri sındıraraq buranı xarabalığa çevirmişlər. Xanəgahı bəzəmiş kaşı parçalarının daşınma prosesi sovet dövründə başa çatdırılmışdır. 1925-ci ildə xanəgahın 11 metrlik kaşı bəzəkləri qopardılaraq Sankt-Peterburqdakı Dövlət Ermitaj Muzeyinə aparılmışdır. Hazırda Ermitajda xanəgahdan yağmalanmış 123 çilçıraqlı ulduz, 325 firuzəyi xaç və başqa kaşı parçaları saxlanılır. 1936-cı ilin oktyabrına olan məlumata əsasən, xanəgahda 3 kaşı parçasının qaldığı bildirilir. Bu parçalar mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat Muzeyinə aparılaraq orada divara quraşdırılmışdır. Bu gün Pir Hüseyn xanəgahında ümumilikdə 15 kaşı parçası mövcuddur.

Hazırda xanəgahın talanmış nümunələri Ermitajla yanaşı, Moskva Şərq Xalqları İncəsənəti Muzeyi, Gürcüstan Dövlət Muzeyi, Luvr və London muzeylərində saxlanılır.

Dəfələrlə xanəgaha vurduqları zərərlə kifayətlənməyən ermənilər 1957-ci ildə SSRİ Meliorasiya Nazirliyi tərəfindən 2 km aralıda tikiləcək su anbarını Akopyanın layihəsi və təklifi ilə xanəgahın arxa hissəsində tikilməsini qərara almışlar. Düşmənin məqsədi həmin ərazidəki olan qədim yaşayış məskənindəki sənət nümunələrini, mumiyalanmış meyitləri məhv etmək idi. Nəhayət, onlar öz bəd niyyətlərinə çatırlar. 1959-cu ilin 6 aprel tarixində sel sularının çoxalması nəticəsində bənd partlamış və xanəgahdan yan keçərək ətraf kəndləri su altında qoymuşdur.

Müxtəlif vaxtlarda Pir Hüseyn xanəgahında təmir-bərpa, tədqiqat işləri aparılsa da, bunlar keyfiyyətsiz və yarımçıq həyata keçirilmişdir.

Xanəgah həm təmir-bərpa, həm də tədqiqat baxımından layiqli qiymətini müstəqillik dövründə almışdır. Azərbaycan alimi, tarixçi-epiqrafçı və şərqşünas, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova burada dərin araşdırma aparmışdır.

Nadir memarlıq incisi olan Pir Hüseyn xanəgahı Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il 19 nömrəli əmri ilə ölkə əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınmışdır. Bundan sonra abidədə təmir-bərpa işlərinə başlanılmışdır. Aparılmış təmir-bərpadan sonra 2007-ci il oktyabrın 1-də açılış mərasimi olmuşdur.

Bu gün Pir Hüseyn xanəgahı ölkəmizdən və xaricdən çoxsaylı ziyarətçiləri qəbul edir. Qonaqlara kompleksin tarixi haqqında ətraflı məlumat verilir.

Məhərrəm Müslümov
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun direktoru