Sənətşünaslıq elmimizin inkişafına dəyərli töhfələr verən alimlərimizdən biri də Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Mürsəl Nəcəfov olub. Görkəmli alimi anadan olmasının 105-ci ildönümü münasibətilə yada salırıq.

Mürsəl Nəcəfqulu oğlu Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakının Novxanı kəndində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna qəbul olunur. Təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1936-cı ildə əmək fəaliyyətinə başlayır. Bir müddət sonra respublika Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik edir. İki il burada çalışdıqdan sonra məzunu olduğu Rəssamlıq Texnikumuna direktor təyin edilir. Eyni zamanda Rəssamlar İttifaqının məsul katibi seçilir.

Bir çox həmyaşıdları kimi Mürsəl Nəcəfovun da yolu qanlı müharibədən keçir. II Dünya müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır, faşist qüvvələrinə qarşı döyüşür. Müharibə başa çatdıqdan sonra Vətənə “Qırmızı ulduz” ordeni və müxtəlif medallarla qayıdır.

1946-cı ildə gözləmədiyi halda Azərbaycan Rəssamlar İttifaqına sədr seçilir. İşinin çoxluğuna baxmayaraq ali təhsil almaq planından vaz keçmir. İ.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq İnstitutunun Nəzəriyyə və incəsənət fakültəsini bitirir.

Dövlət İncəsənət Muzeyində şöbə müdiri işlədiyi vaxtlarda sənətşünaslıq üzrə araşdırmalara başlayır. “Azərbaycanda satirik qrafikanın inkişafı” mövzusunda elmlər namizədi (1962), “Əzim Əzimzadə və Azərbaycan incəsənətində onun mövqeyi” mövzusunda doktorluq dissertasiyalarını (1969) müdafiə edir. 1972-ci ildə Azərbaycan Memarlıq və İncəsənət İnstitutunun (indiki AzMİU) Təsviri sənət kafedrasının müdiri seçilir və ömrünün sonunadək həmin vəzifədə çalışır.

Araşdırmalarda qeyd edilir ki, Mürsəl Nəcəfov istedadlı sənətşünas kimi təsviri sənətə ülvi tellərlə bağlanıb. Bu sahəyə dair monoqrafiya və kitabları Bakıda və Moskvada çap edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünas-alim K.Kərimov görkəmli alimdən bəhs edərkən yazıb: “Mürsəl Nəcəfovun rəssamlıq fəaliyyətini qeyd etməmək olmaz. O, bir sıra etüd və mənzərə işləmişdir ki, bunların bəziləri respublika sərgilərində nümayiş etdirilib. Onun gözəl rəssamlıq qabiliyyəti var. Səyahət etdiyi xarici ölkələrə aid rəsmlərindən bir neçəsi onun “Əsrlərdən xatirə” kitabında dərc edilib”. 

Mürsəl Nəcəfov Azərbaycan Televiziyası ilə geniş əməkdaşlıq edib. Televiziya üçün 250-dən artıq verilişin ssenarisini yazıb. 1970-ci ildən məhz onun təşəbbüsü ilə ekrana çıxan “Palitra” dövrün ən baxımlı verilişlərindən biri kimi maraqla qarşılanıb. Sənətşünas-alim eyni zamanda “Azərbaycan Sovet Ensiklopediyası” üçün 67 məqalə yazıb. Gərgin əməyi, elmi axtarışları yüksək qiymətləndirilən Mürsəl Nəcəfov respublikamızın “Əməkdar incəsənət xadimi” fəxri adına və Dövlət mükafatına layiq görülüb.

Alimin  Bəhruz Kəngərli, Əzim Əzimzadə, Böyükağa Mirzəzadə, Tahir Salahov, Vəcihə Səmədova, Oqtay Sadıqzadə və digər görkəmli rəssamların həyat və yaradıcılıqlarından bəhs edən kitabları işıq üzü görüb. Müəllifin “Rəssam və zaman” toplusu isə sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadə “Rəssam və zaman” bədii-publisistik toplusuna ön sözdə yazır: “Gənc nəslin estetik tərbiyəsinin, dünyagörüşünün formalaşmasında incəsənətin mahiyyətini yüksək qiymətləndirən sənətşünas, gənclərin maraqla qarşıladığı, həvəslə oxuduğu elmi-kütləvi kitablar yazır, televiziyada, radioda, məktəblərdə, kitabxanalarda səmimi çıxışlar edirdi. Müəllifin “Əsrlərdən xatirə” və “Gözəllik aləminə səyahət” kitabları kimi “Rəssam və zaman” da yeniyetmələri, gəncləri dünya incəsənətinin ən kamil inciləri ilə tanış edir. Şübhə yoxdur ki, sadə, anlaşıqlı dildə yazılmış bu məqalə və oçerklər toplusu gələcək nəsillərin də dünyagörüşlərinə müsbət təsirini göstərəcək”.

Milli sənətşünaslıq məktəbimizin formalaşması və inkişafında böyük səylər göstərən və elmi-publisistik yazıları ilə gənc rəssamları yaradıcılığa ruhlandıran professor Mürsəl Nəcəfov 1997-ci ildə, 79 yaşında vəfat edib.

Savalan Fərəcov