Arif Məlikov Azərbaycan üçün böyük milli sərvətdir. Mən bunu heç də şişirtmədən, tam qətiyyətlə deyirəm.

Ümummilli lider Heydər Əliyev

 

Tar ilə kiçik müqəddimə

 

Arif müəllimin musiqi aləminə gəlişi tar ifaçılığından başlamışdı. O, A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda (indiki Milli Konservatoriya nəzdində Musiqi Kolleci) tar tədrisi üzrə ən qabaqcıl və təcrübəli müəllim kimi tanınan Adil Gəray Mahmudbəylinin sinfində (1948-1951) təhsil alıb. 2009-cu ildə Muğam teatrında Adil Gərayın yaradıcılıq gecəsində Arif müəllimin çıxışından bir epizodu burda qeyd eləmək yerinə düşər: “...Texnikumda oxuyarkən mənim ilk müəllimlərim Əhməd Bakıxanov və Adil Gəray olublar. Bəstəkar olmağıma görə də ilk olaraq onlara borcluyam...”.

Texnikumu bitirən Arif Məlikov təyinatla Şuşaya işləməyə gedir. Lakin bəstəkarlıq sənətinə sonsuz sevgi onun gələcək musiqi həyatını kökündən dəyişəcək addımın atılmasına səbəb olur. Bir il ərzində qəbul imtahanlarına müstəqil hazırlaşaraq zəmanəmizin böyük bəstəkarı, görkəmli pedaqoq Qara Qarayevin sinfinə qəbul olur.

 

İki ustadın xeyir-duası

 

Qara Qarayev nümayəndəsi olduğu bəstəkarlıq məktəbinin gələcək inkişafına təsir göstərə biləcək addımın məsuliyyətini dərindən dərk edirdi. Buna görə qarşısına qoyduğu missiyanı həm də pedaqoji  müstəvidə həyata keçirirdi. Dərs dediyi gənclərə də daima xüsusi nümayiş və pafosdan uzaq olan çağdaş yaradıcı addımlara sövq edir, ilk gündən yeni nəsil tələbələrini zamanın tələblərinə kökləyirdi.

Konservatoriyada təhsil illərini xatırlayan Arif Məlikov deyir: “...Qarayevin sinfində məşğələ keçmək çox maraqlı idi. Hər bir tələbənin fərdi yaradıcı xüsusiyyətlərini dərindən duymaq, gənc musiqiçinin çalışmalarını düzgün istiqamətləndirmək, “istedad axını”nı həqiqi məcraya yönəltmək qabiliyyəti onun pedaqoji istedadının xüsusiyyətlərindən idi... Qarayevin sinfində keçirdiyim saatlar indi də yadımdadır. Dərsin son dəqiqəsinə kimi gərginlik içində olurdum, bu gözəl müəllimin dediklərindən heç bir şeyi ötürməməyə çalışırdım. Sözlərinin mənə və ya başqasına ünvanlanması əhəmiyyətli deyildi. Müstəsna, hərtərəfli bilgili müəllim idi, tələbələrin əsərlərinə diqqətlə yanaşırdı. Qara Qarayevin mənə çox böyük təsiri  olmuşdur...”.

Arif Məlikovun həyatında mühüm rol oynayan digər böyük sənətkar maestro Niyazi idi. Görkəmli dirijor həmişə istər ifaçılıq, istərsə də bəstəkarlıq sahəsində istedadları axtarar, onların  gələcək yaradıcı həyatını stimullaşdırırdı. Arif müəllimin ilk partiturasının taleyi belə olmuşdur: “...Üçüncü kursda oxuyurdum. Getdim Filarmoniyaya, Niyazinin qəbuluna və balet süitamın partiturasını ona təqdim etdim. Niyazinin rəyi mənim üçün olduqca əhəmiyyətli idi. Əvvəlcə çox soyuq yanaşdı. Partituraya baxdıqdan sonra yumşaldı, hətta əlavə elədi ki, süitanı ifa edəcəkdir. Üstəlik soruşdu: “Bəs tələbə üçün partituranı kim köçürəcəkdir?” Niyazinin ifasında balet süitamı eşitmək arzusu o qədər güclü idi ki, orkestr səslərini özüm köçürəcəyimi bildirdim...”.

 

“Məhəbbət əfsanəsi”nə gedən yol

 

1958-ci ildə Qara Qarayevin müəllifi olduğu “İldırımlı yollarla” baletinin Leninqradda  S.M.Kirov adına Akademik Opera və Balet Teatrında (indi Sankt-Peterburq Mariinski Teatrı) uğurlu premyerasından sonra müəllifə həmin səhnə üçün Nazim Hikmətin librettosu əsasında “Məhəbbət əfsanəsi” baletini yazmaq təklif edilir. Qara müəllim isə öz növbəsində həmin sifarişi yeni məzunu Arif Məlikova yönləndirir.    

Sənət dünyası həyat kimi estafetdir. Üstəlik, hər müəllimdə yetirdiyi tələbəsinin fərdi bacarığına həssas yanaşmaq, düzgün istiqamətə yönləndirmək bacarığını müşahidə etmək olmur. Amma Arif Məlikovun gənc yaşlarında yaratdığı “Məhəbbət əfsanəsi” baletinin bu zamana qədər dünya səhnələrində öz yüksək mövqeyini saxlayaraq milli bəstəkarlıq məktəbimizin uğurlarından birinə çevrilməsi həm də ustadı Qara Qarayevin vaxtında verdiyi düzgün qərarın uzaqgörənliyini sübut edir.

Arif Məlikov balet üzərində işlədiyi dövr Sovet İttifaqında Xruşşov “mülayimləşmə”sinin başlanğıcına təsadüf edirdi. “Dəmir pərdə”nin bir qədər qalxması sərhədləri aşan informasiya axınına təkan verdi. Həmin tendensiya incəsənət sahəsində daha qabarıq şəkildə özünü göstərirdi. Moskvanın Böyük və Sankt-Peterburqun Mariinski teatrları ilə Nyu-York və Parisin balet truppalarının qarşılıqlı qastrol səfərləri mədəniyyətlər arasında dialoqa körpü salırdı. Məsələn, gürcü-rus əsilli Corc Balançinin (Georgi Melitonoviç Balançivadze – Y.N.) quruluşunda Paris balet truppasının “Büllur saray” (J.Bizenin I simfoniyası əsasında) tamaşası sovet tamaşaçıları və mütəxəssislərində böyük maraq yaratmışdı. Eləcə də Qərb tamaşaçısı ən yaxşı sovet balet tamaşaları, balet estetikası ilə tanış olurdular.

Məhz belə bir zamanda Arif Məlikovun “Məhəbbət əfsanəsi” xoreoqraf Yuri Qriqoroviç üçün göydəndüşmə idi. Gənc xoreoqraf hər iki balet mədəniyyətinin əsas xüsusiyyətlərini sintez edərək obrazların mənəvi aləminin açımına hesablanan bütün cizgilərin ön plana keçməsinə əsaslanan  konsepsiya yaratdı. Onun təfsirində, rəssam Simon Virsaladzenin yüngül dekorları fonunda bütün iştirakçılar, öz rəqs plastikası ilə səhnə məkanı doldurmaqla, dinləyicilərin diqqətini hadisələrin fasiləsiz inkişafına yönəltməliydilər.

Bu baxımdan nəzərdə tutulan ideyanın həyata keçməsi üçün Arif Məlikovun təklifi ilə quruluşçu dirijor kimi maestro Niyazinin dəvət olunması tamaşanın uğurlu olmasının mühüm səbəblərindən biri idi. Bəstəkar danışırdı ki, Mariinski Teatrının ştatında 7 dirijorun olmasına baxmayaraq, mən məhz Niyazinin bu layihəyə cəlb olunmasında israr etdim. Maestro “Məhəbbət əfsanəsi”nin premyerasından sonra mətbuata verdiyi açıqlamasında “...Bu, musiqinin, rəqsin və tərtibatın vəhdət təşkil etdiyi monolit əsərdir və düşünürəm ki, bu əsər hansısa dahinin əlinin bircə hərəkəti ilə yaranmışdır...” fikri ilə balet üzərində işləyən komandanın vahid hədəf ətrafında kökləndiyini vurğulayır.

XX əsr müasir bəstəkar təfəkkürünün ünlü simalarından biri Dmitri Şostakoviçin “Məhəbbət əfsanəsi” barədə söylədiyi sözlər də diqqətəlayiqdir: “...Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların dəqiq və ifadəli musiqi xarakteristikası, xüsusi parlaqlığı, çoxlu tapıntıları ilə seçilən nadir orkestrləşdirmə məharəti bu istedadlı musiqi əsərini böyük maraqla dinləməyə vadar edir... Yeni balet sovet xoreoqrafiyasında böyük hadisədir. Mübaliğəsiz demək olar ki, bu tamaşa bir mərhələdir”.

 

Orkestr palitrası ustası

 

Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin bəstəkar haqqında bir fikrinə diqqət yetirək: “...Arif Məlikovu, doğrudan da, orkestrin cadugəri adlandırmaq olar. Tembrləri seçmək, onları bir-birinə qatmaq, cazibədar tembr dramaturgiyası qurmaq baxımından onunla yarışa bilən bəstəkar çətin tapılar...”.

Tədqiqatçı alimin sözlərinə sübut kimi milli kinomuzun incilərindən biri, 1971-ci ildə  rejissor Kamil Rüstəmbəyovun ekranlaşdırdığı “Axırıncı aşırım” bədii filmində bir epizoda diqqəti yönəltmək istərdim. Həmin film haqqında illər öncə çəkilən verilişdə çıxış edən Arif müəllim qeyd edirdi ki, K.Rüstəmbəyov mənə bu filmə musiqi yazmağı təklif edəndə daxilən buna hazır idim. Filmin musiqi materialı simfonik orkestrin bir çox ifadə imkanlarından istifadə edilərək lakonik şəkilli parçaların müxtəlif epizodlarda əsas dramatik məqamları qabartmağa hesablanıb.

Ekran əsərində Abbasqulu bəylə (Həsən Məmmədov) Qəmlo (Məlik Dadaşov) arasında əsas konflikt bir-birinə düşmən iki düşərgənin qarşılıqlı ziddiyyətini bütün açıqlığı ilə üzə çıxardır. Onların hər birinin öz əqidə həqiqəti vardır. Abbasqulu bəy mövcud vəziyyəti təmkinli tərzdə, tələfatsız şəkildə həll etməyə çalışırsa, Qəmlo, əksinə, qorxu, ölüm, amansızlıq müstəvisində həyata keçirmək niyyətindədir. Onların Səmədin (Sadiq Hüseynov) evində üz-üzə gəldiyi səhnədə “fırtına qabağı sakitliyi” xatırladan ab-havanın çökdüyü otağın təsviri yuxarı yaylı alətlər qrupunun sul ponticello tremolosu fonunda, başlarda keçən motiv vasitəsilə göstərilir. Qəmlonun qapını döyərək fasiləsiz “Səməd, Səməd” qışqırması ilə gərginliyinin tədricən artması, Abbasqulu bəyin Səmədə qapını açmağı tapşırdığı məqamdan başlayaraq dramatik partlayışa doğru sürətli hərəkət baş verir. Orkestr fakturasında harmonik sütunların ardıcıl təkrarı litavra və kiçik təbil arasında bölünən zərbələr fonunda qorxunc sima almaqla “zindana yönələn ağır çəkic” döyəcləməsini xatırladır.

Abbasqulu bəylə Qəmlonun dəhlizdə görüşdüyü anla musiqinin kulminasiya nöqtəsinin üst-üstə düşməsi, kəskin süjetli filmlərin qanunlarında olduğu kimi, fiziki hərəkətlərlə zəngin açıq emosional çıxışla sona çatmalıydı. Amma Qəmlo ünvanına eşitdiyi tənə dolu sözlərdən sonra özünü itirərək evi tərk eləyir. Abbasqulu bəyin həmin səhnədə qazandığı psixoloji qələbə kadrarxası musiqinin məna yükü ilə vahid məziyyət kəsb etmiş olur.

 

Vətənpərvər örnəyi

 

Arif Məlikov həmişə xalqının ağır zamanlarında əsl milli ziyalı dürüstlüyü ilə öndə olmuşdur. Milli azadlıq tariximizin şanlı səhifəsi olan 1990-cı ilin Yanvar hadisələrində bəstəkarın istər Bakıda, istərsə də Moskvada göstərmiş olduğu cəsarət buna parlaq nümunədir. Xatırlatmaq istərdim ki, Arif Məlikov o vaxt SSRİ Ali Sovetinin deputatı idi. O, deputat səlahiyyətlərinin bütün imkanlarından istifadə edərək həmin faciə zamanı öldürülmüş, yaralanmış, günahsız həbsə alınmış vətəndaşların siyahılarının dəqiqləşdirilməsində, hadisə şahidlərinin söhbətlərinin sənədləşdirilməsində şəffaflığa nail olmaq üçün (halbuki o zaman bütün bunları eləmək çox çətin idi) əlindən gələni edirdi. Nəzərə alsaq ki, həmin dövrdə son nəfəsini verməyə hazırlaşaraq azğınlaşan sovet rejiminin gözündə heç kim bir dəyər kəsb eləmirdi, Arif Məlikov özünü təhlükəyə atmaqdan, başqa sözlə, “bucaq tiyəsinin üzərində” gəzməkdən qorxmayaraq əsl vətənpərvərliyini nümayiş etdirirdi.

O, SSRİ Ali Sovetinin sessiyasında cəsarətlə çıxış edərək Sovet İttifaqının rəhbəri M.Qorbaçova qarşı ciddi ittihamlar irəli sürdü. 20 Yanvarla  bağlı bütün həqiqətlərin 1990-cı il 14 fevral tarixli sessiyasının gündəliyinə salınması üçün qüdrətli sənətkarın M.Qorbaçovla sinirli dialoqu zamanı sonuncunun: “ ...Siz niyə belə əsəbisiniz?” replikasına Arif müəllim “Bakı şəhərinin qana bulaşmış küçələrini, onlarla qətlə yetirilmiş, yaxud ömürlük şikəst olmuş insanları görən bir şəxs kimi mən necə olmalıyam?...” cavabını vermişdi.

Bəstəkar özünün vətəndaşlıq borcu hesab etdiyi “Mən ittiham edirəm...” fundamental kitabında duyğu və təcrübələrini, Vətənə münasibətini aydın şəkildə ortaya qoymuşdur. 1994-cü il Bakıda “Gənclik” nəşriyyatında çap olunmuş həmin kitabda A.Məlikov qürurla deyirdi: “Hər bir insan ilk növbədə vətəndaş olmalıdır...Və Azərbaycan xalqı ilk dəfə olaraq çiyinlərini düzəltmək, səsini ucaltmaq, öz həqiqətini tapmaq istəyəndə onu cəzalandırmaq qərarına gəldilər. Lakin unutdular ki, insanlara atəş açmaq olar, amma onu diz çökdürmək olmaz...”.

 

Ulu öndərlə ünsiyyət

 

Bu il ölkəmizdə və onun hüdudlarından kənarda 100 illiyi təntənə ilə qeyd edilən Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik elədiyi bütün illərdə mədəniyyət və incəsənət sahələri həmişə diqqət mərkəzində olmuşdur. Dahi şəxsiyyətin: “Biz nadir irsin varisləriyik, hər bir Azərbaycan vətəndaşı bir əsrə layiq olmağa çalışaraq böyük tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm  dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır” fikri zəngin mənəviyyatın qorunmasında özünün daşıdığı məsuliyyət hissinə nümunə kimi misal çəkmək olar.

Heydər Əliyevin görkəmli mədəniyyət xadimlərinə diqqətinə daha bir nümunə kimi 12 dekabr 1998-ci ildə “İstiqlal” ordeni təqdim olunan Arif Məlikovun çıxışından bir epizodu səsləndirmək yerinə düşər: “Vaxtilə Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirilirdi. Siz mənə söz verdiniz, orada çıxış etdim və salonda oturanlara bir sual verdim. Soruşdum, dünya tarixindən kim bir misal gətirə bilər ki, ölkə başçısı bəstəkarı Azərbaycan Dövlət Filarmoniyasının binasından uzun məsafədə qəbiristanlığa qədər çiynində aparıbdır? Heç kim ikinci belə bir adam tapa bilmədi. Mən bu faktı nəyə görə dedim? Çünki bu fakt Sizinlə, həm də mənim ikinci atam Qara Qarayevin adı ilə bağlıdır. Mən onun tələbəsiyəm...”.

Heydər Əliyevin qüdrətli duyumu, dərin hissiyyatı Arif Məlikovun simfonik yaradıcılığında zirvə əsərlərindən biri – VIII simfoniyanın yaranmasına səbəb olmuşdur. 1994-cü ildə Ulu öndərin təklifi ilə Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərinə səfər heyətinin tərkibinə Arif Məlikov da dəvət alır. Bu barədə yazıçı-jurnalist Flora Xəlilzadənin bəstəkarın öz dilindən qələmə aldığı xatirələrdən: “...Arif Məlikov danışır ki, mənim üçün təəccüblü və maraqlı fakt budur ki, ziyarət zamanı unudulmaz Heydər Əliyev mənə dedi: “Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan”. Heydər Əliyevin bu sözləri bəstəkarı heyrətə gətirib. Heydər Əliyevin qüdrətli duyumu, dərin hissiyyatı qarşısında heyrətini gizlədə bilməyən Arif Məlikov deyir: “İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, simfonik əsər hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə düşməyən, tamamilə əks məsələlərdir. Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz orada nəyisə mənimsəyib dəyərli simfonik əsər yazmaq mümkündür...”.

Bu tarixi səfərdən alınan təəssüratın nəticəsində bəstəkarın VIII simfoniyası meydana gəlir. Müəllif möhtəşəm partituranı Heydər Əliyevə həsr edərək, əsəri “Əbədiyyət” adlandırır.

 

Milli musiqi tariximizdə ilk

 

Arif Məlikovun vətəninə bağlı hərtərəfli məhsuldar yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. 2009-cu ildə isə Arif Məlikov Heydər Əliyev Mükafatına layiq görülür. Mükafatın təqdimetmə mərasimində bunu yüksək dəyərləndirən sənətkar fərəhlə söyləmişdi: “Azərbaycan Prezidentinə, onun xanımına öz dərin təşəkkürümü bildirir və bu gün xatirəsini böyük ehtiramla yad etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm və onun surəti həkk olunan bu nişanı həmişə fərəhli günlərdə fəxrlə döşümdə aparacağam”.

Onun zəngin irsinə yüksək diqqətə daha bir parlaq misal kimi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla Arif Məlikovun iyirmi yeddi kitabdan ibarət külliyyatının nəşrini göstərmək olar. Bu layihənin koordinatoru bəstəkarın özü, musiqi redaktoru Arif müəllimim tələbəsi, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, kompüter not qrafikasına məsul isə bu sətirlərin müəllifi idi. İş olduqca maraqlı tərzdə həyata keçirdi. Yazılmayan qanuna görə böyük bəstəkarların yaradıcılığından ibarət külliyyatlar onların haqq dünyasına qovuşmasından sonra nəşr olunur. Amma Arif müəllimin timsalında milli musiqi tarixində ilk dəfə canlı müəllifin əsərləri müasir dizaynla, üç (Azərbaycan, rus və ingilis) dildə təqdim olundu. Həmin dövrdə onunla sıx təmasda olaraq maraqlı söhbətlərini eşitməklə yanaşı, özüm üçün bir çox şəxsi müsbət keyfiyyətlərini də kəşf etdim. Dünyaca məşhur bəstəkarla ünsiyyətdə olduqca sadə idi. Xüsusilə, əgər qarşı tərəfin hansısa istedadı onun diqqəti cəlb etsəydi onunla mütləq maraqlanardı.

Bir dəfə Arif müəllim, Ceyhun müəllim və mən “Şuşa” restoranında şam yeməyinə yığışmışdıq. Görüşümüz yay fəslinə təsadüf etdiyindən açıq havada əyləşmişdik. Qələbəlik idi. Əyləşdiyimiz masa səhnədən bir qədər aralı olduğundan kimlərin çıxış etdiyini görmürdük. Bir qədər sonra qarmonda gözəl bir ifa səsləndi. İfaçı muğam üzərində gəzişmədən Arif müəllimin “Güllərim” mahnısına instrumental keçid elədi. Bu jest mahnı müəllifinə ünvanlanan bir sayğı əlaməti idi. Arif müəllim ifaçını yaxından görmək üçün səhnəyə doğru getdi. Bir qədər sonra geri qayıdaraq musiqiçinin cavan, amma olduqca istedadlı bir oğlan olduğunu bildirdi. Onu bizim süfrəyə dəvət etdi, söhbət edərək, dəyərli tövsiyələr verdi.

 

Son söz əvəzi

 

Təbii ki, bir məqalə çərçivəsində Arif Məlikov şəxsiyyətinin bütün çalarlarını açmaq mümkün deyil. Amma onun çoxcəhətli fəaliyyətini ümumiləşdirmək mümkün olarsa, belə deyərdim: “yaşayaraq yanmaq sevgisi”. Şair Bəxtiyar Vahabzadənin “Ömür” şeirindən aşağıdakı misralarda deyildiyi kimi:

...Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmasa, yaşamır demək,
Onun da həyatı yanmağındadır...

Arif müəllimdə belə bir xüsusiyyət də vardı. Hər dəfə müəyyən işi bitirib nəticəsini görəndən sonra deyərdi: “Dünən olanı qapayaraq yeni səhifəyə başlayırıq”.

Bu fikir Arif müəllimin yaradıcı həyatının həmişə əsas stimulundan biri idi. Böyük bəstəkar, görkəmli pedaqoq, araşdırıcı-publisist, istedadlı rəssam və cəmiyyətin ictimai həyatında fəal iştirakçı şəxsiyyət. Adıçəkilən sahələrin hər birində böyük sənətkar lazımsız pafosdan uzaq olaraq doğma Vətəninə bacardıqca xeyir verməyə çalışırdı. Burada Arif müəllimin şəxsiyyətində daha iki əsas keyfiyyət – ilk olaraq məqsədyönlülük, ikinci isə, qibtəediləcək zəhmətsevərlik qeyd olunmalıdır. Həmin fərdi xüsusiyyətlər təbii fitri istedadla birlikdə onun yaradıcı həyatı boyu ayrılmaz yolçuları oldular.

Sentyabrın 13-də Arif Məlikovun 90 yaşı tamam olur. 18-19 sentyabrda isə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bəstəkarın “Məhəbbət əfsanəsi” baleti 60 ildən sonra yenidən Bakı səhnəsində musiqisevərlərin ixtiyarına veriləcək. Təəssüf ki, bütün bu təntənələr Arif Məlikovsuz keçəcək. Amma inanırıq ki, onun ruhu şaddır. Çünki böyük sənətkarın zəngin irsi konsert və teatr səhnələrində daima səslənmək və Azərbaycanın musiqi mədəniyyətini həmişə yüksək səviyyədə təqdim etmək gücünə malikdir.

Əbədiyyətdə ilk yubileyiniz mübarək, Arif müəllim!

Yavər Neymətli
sənətşünaslıq üzrə fəlsəfə doktoru