Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında dövlət statuslu teatrlarda teatr-studiyaları yaradılır. Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyası yaradılıb.

Yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə atılan bu addım teatr sahəsində kadr probleminin də aradan qaldırılmasına köməklik edəcək. Studiyada bir dərs ili müddətində aktyorluq, səhnə danışığı, plastika və ritmika, kuklaların hazırlanması və təlim texnikası ixtisasları tədris olunacaq.

Teatr-studiyanın rəhbəri Naxçıvan Dövlət Kukla Teatrının ədəbi-dram hissə rəhbəri Durna Təhməzovadır. Dərslər ödənişsizdir. Tədrisin sonunda kursu uğurla bitirənlərə  sertifikatlar veriləcək və onların iştirakı ilə hazırlanan tamaşa teatrın repertuarına salınacaq.

Studiya ilə yanaşı, teatrda repertuar tamaşalarının hazırlanması prosesi də gedir. Yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” nağılının motivləri əsasında rejissor Şirzad Abutalıbovun quruluşunda eyniadlı tamaşa hazırlanır. Tamasanın quruluşçu rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur.