Sentyabrın 12-də Milli Aviasiya Akademiyasında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə görkəmli bəstəkarın bənzərsiz yaradıcılıq nümunələrindən danışılıb və musiqi əsərləri səsləndirilib.

Bildirilib ki, Arif Məlikovun çoxşaxəli yaradıcılığının mühüm bir istiqamətini filmlərə və teatr tamaşalarına yazdığı musiqilər təşkil edir. Onun “Sehrli xalat”, “Ulduzlar sönmür”, “Axırıncı aşırım “ kimi filmlərə, “Natəvan”, “Atabəylər” tamaşalarına yazdığı musiqi əsərləri bu gün də sevilə-sevilə dinlənilir.

Bəstəkarın yaradıcılığında estrada əsərləri də mühüm yer tutub. Bəstəkarın yazdığı “Yaşatdı məni”, “Dənizdə ay çiməndə”, “Gəl bizim dağlara” və digər mahnılar tanınmış mügənnilərimizin ifasında böyük şöhrət qazanıb. Onun bəstələdiyi mahnılar Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova və digər tanınmış müğənnilərimizin repertuarını bəzəyib.

Milli Aviasiya Akademiyasının tələbələri və professor-müəllim heyətinin izlədiyi konsert proqramında Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, müğənni Kamilə Nəbiyeva bəstəkarın müxtəlif illərdə yazdığı mahnıları və operetta parçalarını ifa ediblər. İfaçıları Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” instrumental ansamblı müşayiət edib.