Gəncədə Mobil Əhmədovun xatirəsinə həsr olunmuş gecə

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sentyabrın 10-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış müğənni, Xalq artisti Mobil Əhmədovun (1931-2006) xatirəsinə həsr olunmuş “Ustadın yolu ilə” adlı konsert proqramı keçirilib.

Tədbirdə Gəncə şəhərinin icra başçısı Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, sənətkarın ailə üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə Əməkdar artist Ramil Qasımov çıxış edərək ustadı Mobil Əhmədovun yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Daha sonra Xalq artisti, dirijor Rafael Bayramovun rəhbərlik etdiyi Gəncə Dövlət Filarmoniyası Kamera orkestrinin və “Xəmsə” estrada ansamblının müşayiəti ilə Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər İnarə Babayeva, Nərgiz Əliyeva və Ramil Qasımov tərəfindən bir-birindən maraqlı əsərlər ifa olunub.

Sonda Mobil Əhmədovun qızı Nigar Əhmədova musiqili gecənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

N.Məmmədli