Türkiyə-Azərbaycan qardaşlığının əsəri olan Bakının qurtuluşundan 105 il ötür...

 

Azərbaycanın tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri var. Bu, təkcə milli dövlətçiliyimizin – Xalq Cümhuriyyətinin özünün paytaxtına qovuşduğu gün deyil,  Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir salnaməsidir...

Birinci Dünya savaşında ağır vəziyyətdə olmasına rəğmən Osmanlı dövləti 1917-ci ilin sonundan etibarən süqut etmiş çar Rusiyasının imperiya buxovlarından qurtulmağa çalışan türk xalqlarının istiqlala qovuşması üçün də addımlar atırdı. 28 may 1918-ci ildə istiqlaliyyətini elan edən Azərbaycana da ilk dəstək qardaş ölkədən gəldi. Cümhuriyyətimiz Tiflisdə, gürcü, azərbaycanlı və erməni deputatların təmsil olunduğu Zaqafqaziya Seyminin dağılmasından sonra elan edilmişdi. Bakı Şaumyanın başçılıq etdiyi bolşevik-daşnakların (Bakı Kommunası) əlində idi və hələlik milli hökumətin nəinki Bakıya, hətta Tiflisə yaxın olan Gəncəyə köçməsi belə problemli idi. Ümid ancaq Türkiyədən gələcək köməyə idi.

Türkiyə bu ümidi doğrultdu və Osmanlının hərbi naziri Ənvər paşa 29 yaşlı qardaşı Nuru paşanı mayın 25-də, hələ Cümhuriyyətin elanından əvvəl  300 nəfər hərbi təlimatçı ilə Azərbaycana köməyə göndərmək barədə qərar qəbul etmişdi.

1918-ci il iyunun 4-də Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında “Daimi sülh və dostluq münasibətləri haqqında” saziş imzalandı. İyunun 16-da milli hökumət Tiflisdən Gəncəyə köçdü. Milli hakimiyyəti bütün ölkə ərazisində bərqərar etmək üçün əsgəri yardım zəruri idi. Ənvər paşanın göstərişi ilə Osmanlı ordusunun beşinci diviziyası Azərbaycana göndərildi. Diviziya Gümrü-Dilican-Ağstafa yolunu keçərək Gəncəyə gəldi. Əhali qardaş ordunu sevinclə qarşıladı. Osmanlıların beşinci piyada diviziyası və Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya 18 min əsgər və zabit daxil idi.

Şaumyanın başçılıq etdiyi və əksəriyyəti ermənilərdən ibarət “Bakı Kommunası”nın qoşunları da hadisələri seyr etmək niyyətində deyildi. İyunun 10-da təxminən 20 minlik qoşunun Gəncə istiqamətinə yürüşü başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdı və burada qanlı döyüş oldu. İki həftə sürən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə nəticələndi.

Bu döyüşdən sonra Qafqaz İslam Ordusunun zəfər yürüşü başladı. İyulun 20-də Şamaxı şəhəri azad edildi. İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi “Bakı Kommunası” istefa verməyə məcbur oldu, düşmən qiyafəsini dəyişdi və 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət yeni mürtəce qurum – “Sentrokaspi” diktaturası yaradıldı. Bakını nəyin bahasına olursa-olsun əldən vermək istəməyən “Sentrokaspi” diktaturası ingilis qoşunlarını köməyə çağırdı. Lakin bu, onları xilas edə bilmədi. 1918-ci il sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başlandı, daşnak qoşunları darmadağın edildi, xilaskar ordu Bakıya daxil oldu.

Qafqaz İslam Ordusu Bakını Cümhuriyyətə, Cümhuriyyəti isə bütün Azərbaycan xalqına qovuşdurdu. Gəncə, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı ətrafındakı döyüşlərdən keçən zəfər yolu Bakının küçələrində müzəffər paradla tamamlandı. Sentyabrın 17-də milli hökumət Bakıya köçdü, Bakı paytaxt adını və mahiyyətini özünə qaytardı.

Lakin qardaş ölkənin xilaskar ordusu Azərbaycanda çox qala bilmədi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə Antanta dövlətləri arasında bağlanan Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli idilər, onların əvəzinə şəhərə ingilis qoşunları daxil olmalı idi.

Amma bu qısa müddət ərzində türk hərbi kontingenti Azərbaycanın istiqlalı uğrunda əlindən gələni etmiş, Bakının azad olunmasından sonra Azərbaycanın şimal bölgələrində, həmçinin Qarabağda apardığı savaşlarda yüzlərlə şəhid vermişdi. Ümumilikdə 1918-ci il iyun-oktyabr aylarında Azərbaycanın istiqlalı və suverenliyi uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 min əsgər və zabiti şəhid olmuşdu. Onların 1130 nəfəri türk mehmetciyi idi.

Bu tarixin ən təsirli və ibrətamiz məqamı isə ondan ibarətdir ki, qardaş türk xalqı özünün möhtəşəm imperatorluğunun, 700 illik Osmanlı dövlətinin sarsıldığı və parçalanma həddinə gəldiyi bir zamanda qan qardaşlarının harayına yetişməyi, müstəqil Azərbaycan Cümhuriyyətinə yardım etməyi özünə vəfa borcu bilmişdi. Üstündən bir il ötəcək və 1919-cu ilin 19 mayında böyük Atatürkün komandanlığı ilə türk xalqının Qurtuluş savaşı və özünün Cümhuriyyətinə gedən yol başlanacaqdı...

1918-ci il noyabrın 17-də səhər axırıncı türk əsgərləri Bakını tərk etdi. Həmin gün general Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil oldu. 1920-ci ilin aprelində Cümhuriyyətimiz süqut etdi və Bakı küçələrində ingilisləri bolşevik Rusiyasının XI ordusu əvəzlədi.

70 ilə yaxın bir müddətdə bəlli ideologiya bizlərə məhz XI rus ordusunun xilaskar olduğunu aşıladı, Bakıda ona əzəmətli abidə də qoyduq. Lakin 1990-cı ilin 20 Yanvarı bu saxta tarixi də, ona ucaldılmış qondarma abidəni zamanın küllüyünə tulladı.

Tarix gec-tez hər şeyi öz yerinə qoyur və 70 ilin ideoloji örtüyünün gizlətdiyi gerçək, kitab və dərsliklərdən çıxarılsa da, qan yaddaşından silinməyən 1918-ci il 15 Sentyabrı ilə taclanan qəhrəmanlıq salnaməsi müstəqillik tariximizdə haqq etdiyi yerini tutdu. 1999-cu il sentyabrın 15-də Bakının Şəhidlər xiyabanındakı məzarların yanında Azərbaycan və Türkiyənin ay-ulduzlu bayraqları ilə süslənən bir abidə ucaldıldı...

1918-ci ildə Gəncədən Bakıyadək uzanmış savaş yolu boyunca türk mehmetciklərinin dəfn olunduğu çoxlu adsız məzarlıq mövcuddur ki, onların da üzərində belə xatirə abidələri ucaldılıb. Ay-ulduzlu bayraqlarımızın kölgə saldığı bu qranit abidələr heç vaxt sarsılmayacaq Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi gələcək nəsillərə tarixdən dərs verəcək daş kitabələrdir. Bu kitabələrin üzərində həkk olunmuş tarixi unutmamalıyıq...

Vüqar Orxan