Sentyabrın 17-də Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün açılışı olub. Yaradıcı kollektiv sənətsevərlərin görüşünə Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında hazırlanan tamaşa ilə gəlib.

Nümayişdən öncə teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı qısa olaraq keçən mövsümdə görülən işlər və gələcək hədəflər barədə danışıb. Bildirilib ki, sentyabr və oktyabr aylarında daha iki tamaşanın premyerası nəzərdə tutulur. Teatrın baş rejissoru Anar Babalı, Əməkdar artist Sucəddin Mirzəyev və Şarud Mehdiyeva da tamaşaçılara və teatrın əməkdaşlarına ürək sözlərini çatdırıblar.

Sonra rejissor Abdulla Elşadlının Ə.Haqverdiyevin əsəri əsasında səhnələşdirdiyi “The müqəssir” tamaşası nümayiş etdirilib. Rejissorun debüt tamaşası olan səhnə işində rolları Xalq artisti Qabil Quliyev, artistlər Saleh Əzimzadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Teymur Hacızadə, Vəfa Hacızadə və Günel Abbaszadə canlandırıb. Tamaşanın musiqi tərtibatını bəstəkar Azər Hacıəsgərli verib. Quruluşçu rəssam Tərlan Sadıqov, rəssam Nərgiz Baxşızadə, geyim üzrə rəssam Güli Süleymanlıdır.