Ermənistanın Birinci Qarabağ müharibəsi Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə, kütləvi qətliamlarla bağlı əməllərin heç də hamısı kifayət qədər öyrənilməyib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması mənfur qonşumuzun törətdiyi vandalizm aktlarının dəlil-sübutlarla dünya ictimaiyyətinə çatdırılması üçün də imkanlar yaradıb. Belə hadisələrdən biri də 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində törədilən faciədir.

Sentyabrın 20-də Bakının Yasamal rayonundakı 286 nömrəli məktəbdə keçirilən “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbirində bu barədə söhbət açılıb. Tədbir “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində təşkil olunub.

Əvvəlcə torpaqlarımızın müdafiəsi və Azərbaycanın suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri məktəbin direktoru Samir Mehdizadə açıb. Məktəbin tarix müəllimi Malik Məmmədov Ermənistanın hərbi cinayətləri, Vətən müharibəsindən sonra aşkarlanan kütləvi məzarlıqlar barədə danışıb.

Başlıbel faciəsi haqqında “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov otuz il öncə törədilən və uzun müddət geniş ictimaiyyətin bixəbər olduğu bu hadisə barədə ətraflı bəhs edib. Bildirib ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 76 sakin işğalçı ordunun mühasirəsində qalıb. Onlardan 14 nəfəri qarlı dağ aşırımlarından keçməklə mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin yaxınlığındakı kahalara sığınaraq 113 gün bu vəziyyətdə yaşam mücadiləsi verib. Bu müddətdə dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə gizli dağ yolları ilə mühasirədən çıxa bilib.

Faciənin şahidlərindən biri Səlim Mehdiyev mühasirə günlərində üzləşdikləri çoxsaylı çətinlikləri, yaşadıqları ağrılı-acılı günləri xatırlayıb.

Çıxışlarda qeyd olunub ki, ən müxtəlif səpkili, məqsədli informasiyalar “bolluğu”nda yaşadığımız indiki dövrdə, xüsusilə məktəbyaşlı uşaqların bu həqiqətləri dərindən öyrənməsinə daha çox ehtiyac var.

Tədbirin sonunda “Qanlı kaha” kitabı müəllim və şagirdlərə paylanılıb.