19-20 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstanın Almatı və Astana, Rusiyanın Yekaterinburq, Moskva və Sankt-Peterburq şəhərlərində silsilə təbliğat tədbirləri, B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, tədbirlərin təşkilində əsas məqsəd bu ölkələrin turizm şirkətlərini Azərbaycanda qış mövsümündə təklif edilən turizm məhsulları haqqında məlumatlandırmaqdır.

Tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, gəlmə turizmi üzrə ixtisaslaşmış yerli turizm şirkətləri, Bakıda və regionlarda fəaliyyət göstərən hotel və kurortlar təmsil olunublar.

Qazaxıstanın turizm sənayesi təmsilçiləri ilə görüşlər zamanı Almatı, Astana, Aktau, Aktobe şəhərlərindən Bakıya birbaşa uçuşların olmasının qarşılıqlı turist səfərlərinə töhfə verdiyi qeyd olunub.

Rusiya turizm şirkətləri ilə görüşlərdə rusiyalı turistlər tərəfindən Azərbaycanda fəaliyyət göstərən dağ-xizək kurortlarına marağın artdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, bu il hər iki ölkədən Azərbaycana səfər edənlərin sayında artım müşahidə edilir. 2023-cü ilin yanvar-avqust dövründə Qazaxıstandan 35 471 nəfər, Rusiyadan isə 426 177 nəfər Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 85% və 62% çoxdur.