Üzeyir Hacıbəyli onun sənətindən razı qalmışdı...

 

Ötən əsrin birinci yarısında dahi bəstəkar Üzeyir Hacıbəyli ilə başlanan klassik opera sənəti və xalq musiqisinin vəhdətdə inkişafı zaman ötdükcə daha da professional səviyyəyə yüksəlir. Həmin dövrdə opera teatrının inkişafında özünəməxsus rolu olan sənətkarlarımızdan biri də Xanlar Haqverdiyev idi. O, uzun illər Opera və Balet Teatrının solisti kimi bir-birindən maraqlı obrazlar yaradıb.

Xanlar Məmməd bəy oğlu Haqverdiyev 26 sentyabr 1906-cı ildə Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açıb. Valideynləri onun mükəmməl təhsil alması üçün böyük səy göstərirlər. Xanlar isə erkən çağlardan musiqiyə, xüsusilə ifaçılıq sənətinə maraq göstərir. El şənliklərində tanınmış xanəndələrin ifaları ilə maraqlanır. Ara-sıra özü də ifaçı kimi musiqisevərlərin qarşısına çıxır. Şaqraq və məlahətli səsi ilə dinləyicilərdə xoş ovqat yaradır. Beləliklə, Xanlar sənətdə öz yolunu seçir. Onun bu sahəyə yönəlməsində tanınmış aktyor Əhməd Ağdamski yardımçı olur. Xanların Üzeyir Hacıbəyli ilə görüşünün təşəbbüskarı da Ə.Ağdamski idi. Dahi bəstəkar onun musiqi duyumu və məlahətli səsindən razı qalmışdı.  

Xanlar Haqverdiyev 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsinə daxil olur. Çalışqanlığı və istedadı sayəsində ilk günlərdən müəllimlərinin diqqətini cəlb edir. Qısa vaxt ərzində dünya klassik musiqi sənətinin sirlərinə yiyələnir. O, eyni zamanda Qarabağ xanəndəlik məktəbi ilə maraqlanır. Böyük xanəndə Seyid Şuşinskidən muğam sənətini öyrənir. İstedadı gənc sənət adamlarının diqqətindən yayınmır. O, 1929-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor bölməsinə qəbul edilir. Geniş səs diapazonu ilə yanaşı, bənzərsiz parlaq diksiyası ilə yalnız xorda ifa etmir, həm də bəzi tamaşalarda epizodik rolları canlandırır. Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda Zeyd, Əbül-Qeys, “Əsli və Kərəm”ində Sofi, Z.Hacıbəyovun “Aşıq Qərib”ində Aşıq Səlim kimi obrazların öhdəsindən məharətlə gəlir. Xanəndə eyni tamaşada gah “Mənsuriyyə” zərbi muğamı, gah da “Şur” dəsgahı üstə füsunkar bir avazla oxuyur və tamaşaçıları heyran edir.

Xanlar Haqverdiyev 1931-ci ildə ali təhsilini uğurla başa vurur. Fəaliyyətini Azərbaycan Dövlət Opera və Balet Teatrında davam etdirir. Aktyor-xanəndə artıq bütün muğam operalarında baş rollara dəvət olunur. Hüseynqulu Sarabski, Şövkət Məmmədova, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşları, İsmayıl Eloğlu, Münəvvər Kələntərli, Həqiqət Rzayeva və s. kimi dövrünün görkəmli sənətkarları ilə eyni səhnəni bölüşür.

Tanınmış sənətkar milli teatr və musiqi mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliği üçün də bilik və bacarığını əsirgəmir. Qastrol səfərlərində iştirakı və sənət dostlarının zəngin təcrübəsi onun səhnə səriştəsini daha da artırır. Xanəndə təkcə opera tamaşalarında deyil, həm də muğam və xalq mahnımızın mahir ifaçısı kimi Azərbaycan Dövlət Şərq Orkestrinin müşayiəti ilə tez-tez konsertlərə qatılır.

O, 1963-cü ilədək Opera və Balet Teatrının səhnəsində M.Maqomayevin “Nərgiz”, F.Əmirovun “Sevil”, Q.Qarayev və C.Hacıyevin “Vətən”, Ə.Bədəlbəylinin “Nizami”, P.Çaykovskinin “Yevgeni Onegin”, R.Qliyerin “Şahsənəm”, R.Mustafayevin “Vaqif”, C.Verdinin “Siciliya axşamları” və başqa operalarda, operettalarda yaddaqalan obrazlar yaradıb, tamaşaçıların rəğbətini qazanıb.

O, təqaüdə çıxdıqdan sonra belə teatrdan ayrılmır, gənc aktyorların, yeni xanəndələrin yetişməsi üçün öz dəstəyini əsirgəmir.

Azərbaycanın musiqi və səhnə mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən Xanlar Haqverdiyev 1939-cu ildə Türkmənistanın, 1956-cı ildə Azərbaycanın “Əməkdar artisti” fəxri adlarına layiq görülür.

Xanlar Haqverdiyev 1959-cu ilin may ayında Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə də uğurla iştirak edib. 

Musiqili səhnə sənətimizin inkişafında böyük rolu olan Xanlar Haqverdiyev 5 dekabr 1980-ci ildə, 74 yaşında Bakıda vəfat edib.

S.Fərəcov