Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1996-cı il 23 iyul

 

Prezident Heydər Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət komissiyasının növbəti iclasında çıxış edib.

“...Füzulinin 500 illiyi ilə əlaqədar 1994-cü ilin martında yaradılmış yubiley komissiyasının fəaliyyəti haqqında Elçin Əfəndiyev (Baş nazirin müavini – red.) geniş məlumat verdi. Bir daha qeyd etmək istəyirəm ki, çox işlər görülübdür...

Təklif irəli sürüldü ki, yubileyin zirvə mərasimini də keçirək. Eyni zamanda bir sıra fikirlər səsləndi...

...İstanbulda Balasanyanın “Leyli və Məcnun” baletinin tamaşaya qoyulması, şübhəsiz ki, təəccüb doğurur. Məlumdur, vaxtilə Balasanyan “Leyli və Məcnun” baletini yazıb. Bu, Böyük Teatrda da tamaşaya qoyulub. “Leyli və Məcnun” mövzusu Şərq aləminə məxsus olan mövzudur. Ancaq bu mövzu Azərbaycanın dahi şəxsiyyətlərinin yaradıcılığı nəticəsində əsərlərdə öz əksini tapıb. Nizami də, Füzuli də “Leyli və Məcnun” yazıb. İslam aləminin tarixində “Leyli və Məcnun” mövzusunda dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən ilk opera yazılıbdır... Biz bununla fəxr edirik...

Ancaq bizim sonrakı bəstəkarlarımız gərək Üzeyir Hacıbəyovun yolu ilə gedəydilər. “Leyli və Məcnun” mövzusunda bir balet yazaydılar. Qara Qarayevin “Leyli və Məcnun” simfonik əsəri çox dəyərli bir əsərdir... Arif Məlikov “Məhəbbət əfsanəsi” adlı çox gözəl bir əsər yaradıb. Ancaq gərək bir başqa bəstəkarımız da “Leyli və Məcnun” baleti yaradaydı...

Mən hesab etmirəm ki, xalqımızın, bəstəkarlarımızın yaradıcılıq potensialı tükənibdir, yox. Bu gün də, sabah da əsərlər yaranacaq... Ancaq İstanbulda Balasanyanın əsərlərinin tamaşaya qoyulması, şübhəsiz ki, təəccübləndirici bir məlumatdır. Güman edirəm ki, Polad Bülbüloğlu TÜRKSOY-un rəhbəri və mədəniyyət naziri kimi gərək bu məsələni biləydi və türk qardaşlarımıza izah edəydi ki, belə ola bilməz...

Füzulinin 500 illiyi ilə əlaqədar 94-cü, 95-ci və 96-cı illərdə keçirilən tədbirlər sadəcə olaraq bir yubileylə bağlı mərasimlər deyildi, onlar Füzuli yaradıcılığının geniş bir çərçivədə təbliğ olunmasına şərait yaradırdı... Füzulini ən əvvəl öz ölkəmizdə daim təbliğ etmək lazımdır... Çünki Füzulinin həyatı da, bütün yaradıcılığı da həm yüksək mənəviyyat, həm yüksək fəlsəfədir, həm də insanlara mənəvi, estetik qida verən böyük bir mənbədir.

Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən, onların xalq qarşısında xidmətlərinə verilən qiymətdir – bu, lazımdır, özü də mütləq lazımdır. Digər tərəfdən isə, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir... Hesab edirəm ki, biz cari ildə bu yubileyin zirvə tədbirlərini keçirməliyik...

Anar (Yazıçılar Birliyinin sədri – red.) təklif verdi ki, bizdə türkdilli ölkələrin yazıçılarının qurultayı keçirilsin. Mən bu təklifi qəbul edirəm. Belə bir qurultayı Azərbaycanda keçirmək lazımdır... Onu Füzulinin yubileyi ilə eyni vaxta salmaq məqsədəuyğundur...”.

 

1996-cı il 16 avqust

 

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə şair Qabil İmamverdiyevi “Şöhrət” ordeni ilə təltif edib. Şairə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

 

1996-cı il 28 avqust

 

Xalq rəssamları Elmira Şahtaxtinskayanı və Oqtay Sadıqzadəni qəbul edib.

 

1996-cı il 30 avqust

 

Respublika Sarayında görkəmli şair Əliağa Vahidin 100 illik yubiley gecəsi başa çatdıqdan sonra mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxış edib.

“...Hesab edirəm ki, bu yubiley gecəsi Vahidə layiqdir. Buradakı çıxışlarda siz dediniz ki, keçmişdə Vahidə lazımi qiymət verilməyib. Tarixdə belə hallar çox olubdur ki, böyük insanlar zaman, vaxt keçdikdən sonra daha düzgün qiymətləndiriliblər. İndiyədək Əliağa Vahidin heç bir yubileyi keçirilməmişdir. Bu il, bu günlər keçirilən tədbirlər, xüsusən bu gecənin bu qədər təntənəli, çox məzmunlu olması, mən hesab edirəm, onun indiyədək yubileylərinin keçirilməməsini əvəz etdi.

Mən səmimi deyirəm, bu gün salonda oturarkən hisslərim həddindən çox canlandı, həyəcanlandım. Ədəbiyyatımızın, şeirimizin, incəsənətimizin nə qədər böyük olduğuna görə sizinlə bərabər böyük iftixar hissi keçirdim.

Vahid böyük bir xəzinədir. Bu gün siz bu xəzinənin ola bilər, bir neçə laylarını millətimizə göstərdiniz. Xalqımız Vahidi həmişə sevibdir. Onun sağlığında da, o, həyatdan gedəndən sonra da Vahidin qəzəllərinə çox gözəl mahnılar bəstələnibdir. Xalqımız Vahidi heç vaxt unutmayıbdır...

Mən bu gün sizi dinləyərkən özüm üçün bir nəticə çıxardım ki, Vahid nə qədər çətin həyat tərzi keçiribsə, ağır yaşayıbsa, ona nə qədər diqqətsizlik olubsa, qayğı göstərilməyibsə də, o, çox nikbin adam olubdur. Vahid xalqımızın, respublikamızın xoşbəxt gələcəyini nə qədər gözəl tərənnüm edib...

Mən foyedə rəssam Adil Rüstəmovun xalqımızın sevimli sənətkarına həsr olunmuş qrafika əsərləri sərgisi ilə tanış olanda da dedim, Vahidin əsərləri başdan-başa fəlsəfədir. Sizin oxuduğunuz o şeirlər, səslənən musiqi də fəlsəfədir. Bax, rəssam da bunu belə dərk edib. Onun çəkdiyi əsərlər çox gözəl rəsm əsərləridir və orada da fəlsəfə var...

Mən gecədə iştirak edən meyxanaçıların çıxışlarını yüksək qiymətləndirirəm. Meyxana xalqımızın, millətimizin folklorunun çox gözəl janrlarından biridir. Amma bəzən nədənsə meyxanaya xor baxırdılar. Halbuki meyxana xalqın özünəməxsus bir folklorudur...”.

Hazırladı: V.Orxan

(davamı var)