“Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar. Səbrimiz tükəndi, dedim irəli...”

 

“Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə güclü ordu yaradırıq. Ordunun güclənməsi üçün nə lazımdırsa, biz bundan sonra da edəcəyik. Biz sülh danışıqlarını davam etdiririk. Ancaq, eyni zamanda, güclü ordunun yaranması bizə imkan verir ki, biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı işğalçılardan azad edək...”.

Prezident İlham Əliyev bu sözləri 15 il öncə, 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Birinci Qarabağ müharibəsindən sonra, atəşkəs dövründə keçirilən ilk paradında demişdi.

Qarabağ müharibəsində atəşkəsin 14 ili arxada qalmış, amma nə savaş bitmiş, nə də sülh danışıqları bir nəticə vermişdi. İrəlidə hələ neçə belə illər vardı. Eyni zamanda, bir gerçək o vaxt da bəlli idi: diplomatiya o vaxt təsirli olur ki, onun arxasında düşmənin hesablaşdığı güc dayanmış olsun. Və bir gün o güc meydanda öz sözünü deməldir...

2020-ci ilin 27 sentyabrında o gün yetişdi...

Artıq təqvimimizə əbədi və dərin anlamı ilə – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi yazılan bu tarix milli yaddaşda bir həqiqət anı, qırılma nöqtəsi idi. Bundan sonra geri dönüş olmazdı.

Və Ali Baş Komandan İlham Əliyev o əmri verdi: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli...”.

27 sentyabrda televiziya ilə xalqa müraciət edərək Vətən müharibəsinin başladığını bildirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağ məsələsinin milli məsələ, bu məsələnin həllinin isə bizim üçün tarixi vəzifə olduğunu  bəyan etdi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun... Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir...”.

Sonrakı müddətdə Ali Baş Komandan daha on dəfə televiziya ilə xalqa müraciət etdi. Bu müraciətlərin hər biri qalibiyyət soraqlı idi...

30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında 43 gün tab gətirə bildi. 44-cü gün işğalçı ölkənin rəhbərliyi faktiki kapitulyasiya aktını imzalamağa məcbur oldu.

“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur” – Prezident İlham Əliyev sentyabrın 27-dən davam edən Vətən müharibəsinin qalibiyyət xəbərini noyabrın 10-da gecəyarısı xalqa müraciətində bu sözlərlə çatdırdı.

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq” – bu isə Prezident İlham Əliyevin Vətən müharibəsinin başlanmasının birinci ildönümündə, 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətindəndir.

***

...Böyük savaş bitmişdi, amma tarixi məğlubiyyətdən, görünür, hələ tam dərsini almayan Ermənistanda, erməni cəmiyyətində revanşizm işartıları qalmışdı. Məhz bu səbəbdən Azərbaycan Ordusu 2021-2022-ci illərdə qarşı tərəfin, xüsusilə sərhəd bölgələrində təxribatlarına sərt və adekvat tədbirlərlə – lokal əməliyyatlarla cavab verməyə məcbur oldu. Bunlardan düşmən üçün ən təsirlisi 2022-ci ilin 13-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribata verilən cavab idi. Bundan sonra Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanla sərhəd boyunca artıq boyunun ölçüsünü aldı və özü üçün müəyyən nəticələr də çıxardı.

Amma Ermənistanın Qarabağda, 2020-ci ilin 10 noyabrından sonra Rusiya sülhməramlılarının müvəqqəti çətiri altında ordu tör-töküntüsü və İrəvanla yanaşı, qeyri paytaxtlardan da bəslənən qondarma rejim hələ boyunun ölçüsünü almamışdı. Bu üç ildə rəsmi Bakı o “boz zona”da cərəyan edən proseslərə, hərbi-kriminal xuntanın sülhməramlılarının kürəyi arxasındakı əməllərinə kifayət qədər təmkin göstərdi. Vəziyyəti diplomatik vasitələrlə, siyasi çağırışlarla, humanitar jestlərlə çözmək üçün çox cəhdlər edildi. Amma görünən o idi ki, qarşıdakı tərəfin anladığı dil başqadır.

2023-cü il sentyabrın 19-na keçən gecə hərbi-kriminal xuntanın Xocavənd rayonu ərazisində Azərbaycanın polis əməkdaşlarına və mülki şəxslərə (yol tikintisi işçilərinə) qarşı törədilən qanlı təxribatlardan sonra bu səbrin də sonu gəldi...

Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı və 24 saat tamam olmamış, Qarabağdakı xunta ağ bayrağını qaldırdı.

27 sentyabrdan (2020), 13-14 sentyabrdan (2022) sonra bir də 19-20 sentyabr (2023) Qarabağla anılan tarixə düşdü.

“Qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi...” – 21 sentyabrda Prezident İlham Əliyev xalqa müraciət etdi və 24 saatlıq əməliyyatın nəticəsini diqqətə çatdırdı: Azərbaycan, nəhayət, Qarabağda suverenliyini tam bərpa edir.

***

...Əslində, tarixə nəzər salsaq, görərik ki, Ermənistanın və davakar erməni millətçiliyinin Qarabağ röyası, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq iştahası da 32 il əvvəl elə bu ay boy vermişdi. Ermənilərin 1988-də başlayan siyasi avantürası 1991-ci ilin 2 sentyabrında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq təhdidə keçmiş, Dağlıq Qarabağda qondarma “respublika” elan olunmuşdu.

Və tarixin erməni cəmiyyətinə istehzasına bax ki, dünyanın bir çox yerlərindən də bəs deyincə bəslənən bu avantüraya da 32 il sonra sentyabrda – özü də Ermənistanın dövlət bayramı – “Müstəqillik günü” (21 sentyabr) nöqtə qoyuldu. O gün Ermənistanın Qarabağdakı qondarma rejiminin faktiki süqutu oldu. Qarabağın erməni əhalisinin təmsilçiləri isə həmin gün Yevlax şəhərində Azərbaycanın rəsmiləri ilə bir masa ətrafında (və Azərbaycan bayrağı önündə) əyləşdilər.

Vaxt var idi, erməni “başbilənləri” Azərbaycana qarşı hədələyici bəyanatlar verərkən Qarabağda ikinci müharibə başlayarsa, bu dəfə Yevlaxadək gələcəklərini deyirdilər.

İkinci Qarabağ müharibəsi 2020-ci ilin 27 sentyabrında başladı və 44 gün çəkdi. Amma biz ermənilərin Yevlaxa gəlmək arzularını da, necə deyərlər, ürəklərində qoymadıq. Gəldilər, hətta Azərbaycan bayrağı önündə fotoları da dünyaya yayıldı. Bundan sonrası da məlumdur. Ya o bayrağın atında Azərbaycan dövlətinin vətəndaşı kimi yaşamaq, ya da... Laçın yolu açıqdır...

Vüqar Orxan