Olaylar, faktlar (30 sentyabr – 2 oktyabr)

 

471 il əvvəl...

 

2 oktyabr 1552-ci ildə Çar İvan (IV) Qroznının qoşunları bir neçə ay mühasirədə saxladığı Kazan şəhərinə daxil olublar. Şəhərin süqutu ilə Kazan xanlığının (indiki Tatarıstan və Volqaboyu ərazilər) Rusiya dövlətinə birləşdirilməsi başa çatdı.

 

196 il əvvəl...

 

1 oktyabr 1827-ci ildə Rusiya qoşunları İranla müharibə (1826-1828) gedişində İrəvan qalasını ələ keçiriblər. General İvan Paskeviçin komandanlıq etdiyi qoşunlar bundan öncə (20 sentyabr) bölgədəki əsas strateji məntəqə olan Sərdarabad qalasını işğal edəndən İrəvanın müdafiə imkanları zəifləmişdi. İrəvanın işğal olunmasında erməni əhalisi, Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərmişdi.

 

105 il əvvəl...

 

1 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

 

96 il əvvəl...

 

1 oktyabr 1927-ci ildə SSRİ ilə İran arasında “Qarşılıqlı təminatlar və neytrallıq haqqında” saziş imzalanıb. Sazişdə iki ölkənin Xəzərdəki sərhədi də müəyyənləşmişdi, sərhəd Astara (Azərbaycan) – Həsənqulu (Türkmənistan) xətti üzrə keçirdi.

 

77 il əvvəl...

 

30 sentyabr 1946-cı ildə faşist Almaniyasının rəhbərliyi üzərində qurulan Nürnberq məhkəməsi (1945-ci il noyabrın 20-də başlamışdı) yekunlaşıb. İki gün ərzində oxunan hökmlərə əsasən, Hitler komandasının rəhbərləri – Gerinq, Ribbentrop, Keytel, Kaltenbruner, Rozenberq və başqaları ölüm (asılmaqla) cəzasına məhkum ediliblər. Hitlerin baş maliyyəçisi Martin Borman haqqında qiyabi ölüm hökmü çıxarılsa da, onun 80-ci illərədək Cənubi Amerikada yaşadığı bildirilirdi.

 

74 il əvvəl...

 

1 oktyabr 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı elan edilib. Çin kommunistlərinin lideri Mao Tszedun (Zedong, Tse-tung) dövlətin rəhbəri olub. 1840-cı illərdə qismən Britaniya imperiyasının təsiri altına düşən Çində 1927-ci ildə Sun Yatsenin başçılığı ilə inqilab qələbə çalmışdı. Lakin bundan sonra hakimiyyətə gələn general Çan Kayşi diktatura rejimi qurdu və ölkənin əsas hissəsini müttəfiqi olduğu Yaponiyanın təsiri altına saldı. II Dünya müharibəsindən sonra Çində xalq inqilabı başlandı və ÇXR elan edildi.

 

65 il əvvəl...

 

2 oktyabr 1958-ci ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini elan edib.

 

57 il əvvəl...

 

30 sentyabr 1966-cı ildə Böyük Britaniyanın Cənubi Afrikadakı müstəmləkəsi olan Botsvana müstəqilliyini elan edib. Botsvana 1885-ci ildə Britaniyanın protektoratlığına keçmişdi.

 

34 il əvvəl...

 

30 sentyabr 1989-cu ildə Fransanın Afrikadakı keçmiş müstəmləkələri olan Seneqal və Qambiya birləşdikləri vahid dövlətdən (Seneqambiya) çıxaraq yenidən iki ayrı dövlət olublar. 1960-cı ildə Fransanın müstəmləkəçiliyindən qurtulan Seneqal və Qambiya daha sonra vahid dövlət şəklində birləşmişdilər.

 

33 il əvvəl...

 

30 sentyabr 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalı şəraitdə keçirilib. Ali Sovetə seçkilərin ilk turunda respublika üzrə 360 dairədən üçdə ikisində deputatlar seçildi, qalan dairələr üzrə təkrar seçkilər elan edildi.

Hazırladı: V.Orxan