Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1996-cı il 15 dekabr

 

Prezident Heydər Əliyev Teleteatrda “Beynəlxalq uşaq televiziyası və radiosu günü”, habelə UNİCEF-in 50 illiyi münasibətilə mərasimdə çıxış edib.

 

1996-cı il 20 dekabr

 

Akademik Opera və Balet Teatrında Rusiya Dövlət Akademik Orkestrinin – “Vivaldi Orkestri”nin xeyriyyə konsertinə baxıb. Konsertdən sonra orkestrin heyəti ilə görüşərək söhbət edib.

 

1996-cı il 27 dekabr

 

Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarovanı yubileyi (60 il) münasibətilə təbrik edib. “Siz Azərbaycan milli musiqisinin, mədəniyyətinin vətənimizdən uzaqlarda ən böyük təbliğatçılarından biri olmaqla bərabər, öz nadir istedadınızla bütün Şərq aləminin sevimli Zeynəbinə çevrilmisiniz. Azərbaycan xalq mahnıları, muğam, təsnif və müasir bəstəkarların əsərləri ilə yanaşı, siz dünya xalqları folklorunun mahir ifaçısı kimi də geniş şöhrət tapmısınız”, – deyə təbrik məktubunda bildirilirdi.

 

1997-ci il 7 yanvar

 

Xalq şairi Qabilin anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən gecədə iştirak edib.

“...Mən şairlərin, yazıçıların, ədəbiyyatçıların son illərdə keçirilən yubileylərini xatırlayıram. Bu yubileylərdə hər bir sənətkarların yaradıcılığına qiymət verilir. Biz, məsələn, Qabilin əsərlərini oxumuşuq, lakin bu şeirləri bir daha yada salmaq çox əhəmiyyətlidir, həm də dinləyəndə o, insana zövq verir. Mən bu yubiley gecəsinə təkcə Qabilə hörmət naminə gəlməmişəm, buraya həm də incəsənətimizlə, ədəbiyyatımızla, şeirimizlə görüşmək üçün gəlmişəm...

Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir... Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi. Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm...”.

 

1997-ci il 19 yanvar

 

Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında cərrahiyyə əməliyyatı keçirən və müalicə olunan Xalq şairi Bəxtiyar  Vahabzadəyə baş çəkib.

 

1997-ci il 20 yanvar

 

Respublika Sarayında Ümumxalq Hüzn Gününə həsr olunmuş xatirə gecəsi başa çatdıqdan sonra ədəbi-bədii kompozisiyanın iştirakçıları olan incəsənət ustaları ilə görüşüb.

“...Bugünkü tamaşanın həm bədii dəyəri, həm də ifaçıların hər birinin keçirdiyi daxili hisslər, hadisəni dərk etməsi xatirə gecəsinə həqiqətən xüsusi əhəmiyyət verdi. Bunlar çox təsirli idi, şəxsən mənə təsir etdi... Bununla belə, nə qədər kədərli olsa da, 20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Azərbaycanın şairləri, yazıçıları, mədəniyyət xadimləri, incəsənət xadimləri, bəstəkarları və ifaçıları ilə də fəxr edə bilərik ki, bizim belə yüksək səviyyəli mədəniyyətimiz var, hətta bu kədərli, qəmli hadisəni də incəsənətimiz vasitəsilə nümayiş etdirə bilirik... Arzu edirəm ki, sizin yaradıcılığınız bundan sonra həmişə şadlığımıza, xalqımızın sevincinə, qələbələrinə həsr olunsun...”.

 

1997-ci il 25 yanvar

 

Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin albom-kataloqunun təqdimat mərasimində iştirak edib. Albom-kataloq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (“Əsrin müqaviləsi” üzrə konsorsiumun operatoru) köməyi ilə nəşr olunub.

 

1997-ci il 31 yanvar

 

Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə nitq söyləyib.

 

1997-ci il 1 fevral

 

Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin müstəsna rоlunu və 1996-cı il 2 fevral tarixində müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsini nəzərə alaraq 2 fevralın “Azərbaycan Gəncləri Günü” elan edilməsi haqqında sərəncam imzalayıb.

 

1997-ci il 2 fevral

 

Görkəmli balet ustası, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın 70 illiyi münasibətilə keçirilən gecədə çıxış edib.

“...Azərbaycanda baletin belə inkişaf etməsinə görə biz məhz incəsənət ustalarımıza, o cümlədən Leyla xanıma minnətdarıq. Leyla xanım dedi ki, ömrünün 53 ilini bu sənətə həsr etmişdir... İnsan peşəni elə-belə seçmir, əksər hallarda öz daxili bacarığını, arzu və istəyini nəzərə alaraq seçir... Hesab edirəm ki, səhnədə olanların hamısı hünər göstərir. Balet isə səhnə sənətinin bütün janrları arasında, əlbəttə, xüsusi yer tutur. Mən bütövlükdə incəsənət, o cümlədən də balet həvəskarı kimi bunu həmişə hiss etmişəm, başa düşmüşəm və həmişə də qeyd etmişəm. Bu gün də çox şadam kı, Azərbaycan baleti belə yaxşı səviyyədədir. Leyla xanım Sizə təşəkkür edirəm, mən Sizə öz təbrikimi göndərmişəm. Bu gün xüsusi olaraq gəldim ki, Sizi şəxsən təbrik edim. Mədəniyyət xadimlərini, görüş iştirakçılarını əmin edirəm ki, əvvəllər olduğu kimi, yenə də incəsənətə həmişə kömək edəcəyəm, müasir şəraitdə mümkün olan bütün tədbirləri görəcəyəm ki, baletimiz getdikcə yüksəlsin, opera və balet teatrımız yaşasın, var olsun, bizdə yeni-yeni balet ustaları, yeni-yeni incəsənət ustaları yaransın...”.

Hazırladı: V.Orxan

(davamı var)