Orta əsrlər Azərbaycan ədəbiyyat və mədəniyyət salnaməsində çoxtərəfli yaradıcılığı ilə dərin iz qoyan mütəfəkkirlər yaşayıb. Şair, həkim, musiqiçi və xəttat kimi tanınan Məsihi də onlardan biridir.

Rüknəddin Nizaməddin Əli oğlu Məsud (Məsihi) İranın İsfahan şəhərində anadan olub. Mənbələrdə təvəllüdü 1579-1580-ci illər, vəfat tarixi 1655-1656-cı illər kimi göstərilir. Atası əslən Təbrizdən olub və dövrünün tanınmış təbibi kimi uzun illər Səfəvi sarayında çalışıb. I Şah Təhmasib paytaxtı Təbrizdən Qəzvinə, Şah Abbas isə İsfahana köçürəndə o da saray əyanları kimi bu şəhərə gəlir.

İlk təhsilini İsfahanda alan Məsihi fars və ərəb dillərini mükəmməl öyrənir. Təbabət, fəlsəfə, məntiq, nücum və ilahiyyat elmlərini dərindən mənimsəyir, həmçinin xəttatlıqla maraqlanır.

Atası övladının həkim olmasını istəyir. O da böyük səylə təbabət elmini öyrənir. Hətta “Müalicə qaydaları“ adlı kitab da yazır. Lakin bütün bunlara baxmayaraq o, xalq arasında daha çox şair kimi tanınır. Erkən çağlardan poeziyaya maraq göstərən Məsihi Azərbaycan və fars dillərində şeirlər qələmə alır. Fars dilində “Dane və dam” (“Buğda və tələ”), “Zənbur və əsəl” (“Arı və bal”) adlı əsərləri maraqla qarşılanır. Bədii yaradıcılıqla müntəzəm məşğul olur. Əsərlərinin tam külliyyatı yüz min beytə çatır. Təəssüf ki, onun poetik irsinin böyük bir qismi dövrümüzə gəlib çatmayıb. Ancaq bir sıra kiçik həcmli lirik əsərləri, habelə məşhur “Vərqa və Gülşa” poeması onun şair qüdrətini ortaya qoyub.

Mənbələrdə qeyd olunur ki, atası kimi Məsihi də Şah Abbasın sarayında həkim kimi çalışıb. Geniş dünyagörüşü, yüksək savadı, saray mühiti üçün vacib amil sayılan böyük poetik istedadı tezliklə Şah Abbasın diqqətini çəkir. Şah onu özünə müşavir təyin edir.

Orta əsr təzkirəçilərinin yazdığına görə, Şah Abbas vaxtaşırı elmi, ədəbi, siyasi  məclislər təşkil edir. Məsihi də şahın müşaviri kimi bu tədbirlərə qatılır. Şah xətrini istədiyi bir adam kimi tez-tez Məsihinin evində qonaq olur. Lakin zaman gəlir, məlum olmayan səbəblərdən onların münasibətləri pozulur. Məsihi saraydan uzaqlaşır. Başa düşür ki, artıq onun İsfahanda yaşaması mümkün deyil. Bu səbəbdən yaxın həkim dostu Heydərlə Hindistana səfər edir. Orada müxtəlif hökmdarların, o cümlədən Böyük Moğollar sülaləsindən olan Əkbər və Cahangir şahın sarayında həkim kimi fəaliyyət göstərir.

Şah Cahangirin zamanında sarayda baş verən bir əhvalat xalq arasında geniş yayılır. Deyilənə görə, bir gün sarayda Məsihinin hansısa hərəkətinə ciddi irad tutulur. Bu, dərhal şaha çatdırılır. Buna görə də ondan sarayı tərk etmək tələb olunur. O da məcbur qalıb saraydan uzaqlaşır. Bu hadisənin üstündən heç bir il keçməmiş şah ağır xəstələnir. Saray həkimləri nə qədər çalışsalar da, şahı sağalda bilmirlər. Hökmdarın vəziyyəti günü-gündən ağırlaşır. Vəzir-vəkil çox götür-qoy etdikdən sonra məcbur qalıb həkim Məsihinin dalınca adam göndərirlər. Şahın xəstələndiyini və durumunun çox ağır olduğunu bildirirlər. Ondan üzr istəyib yenidən saraya dəvət edirlər. Məsihinin müalicəsi sayəsində şah sağalır. Əhvalatdan xəbərdar olan hökmdar Məsihini yanına çağırır və onu bağışladığını deyir. O, 20 il Hindistanda yaşayır. Sarayda görkəmli Azərbaycan şairi Saib Təbrizi ilə də tanış olur.

Şair 1632-ci ildə vətənə dönür. Ömrünün böyük hissəsini qürbətdə keçirən Məsihi deyərmiş: “Heç nədən korluq çəkməsəm də, qürbətin qərib axşamları məni sıxır və darıxdırırdı. Bəzən yel qanadlı xəyallar məni öz dünyamdan qoparar və lal-kar bir aləmə aparardı... Fikir-xəyaldan ayrılanda ah vətən, vətən deyərdim”.

Vətənə qayıtdıqdan sonra o, vaxtilə Şah Abbasın şərəfinə yazmağa başladığı və yarımçıq qalmış “Vərqa və Gülşa” poemasını tamamlayır. Saraya gəlir və kitabı Şah Səfiyə təqdim edir. Kitab qəbul olunur. Ancaq onun sarayda qalıb yaşamağı məsləhət bilinmir. Kor-peşman geri dönən şair İsfahan vilayətinin Kaşan şəhərinə gedir. Ömrünün qalan hissəsini burada həkimlik fəaliyyəti ilə keçirir.

Rüknəddin Məsud Məsihi təxminən 80 yaşında Kaşan şəhərində vəfat edib. İlk “Divan”larından biri onun ölümündən sonra Saib Təbrizi tərəfindən tərtib olunub. Məsihinin şəxsi tanışlarından olan təzkirəçi Mirzə Tahir Nəsrabadi yazır ki, Saibin evində onun 10 “Divan”ı varmış.

Görkəmli ədəbiyyatşünas-alim, professor Əliyar Səfərli (1937-2017) 1966-cı ildə “Məsihi və onun “Vərqa və Gülşa” poeması” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edib. Alim tərəfindən şairin İsfahan şəhərindəki “Fərhəng” kitabxanasında saxlanılan şeir divanı aşkar olunub. Əsər 1998-ci ildə Tehranda ərəb qrafikalı Azərbaycan əlifbası ilə işıq üzü görüb. Ə.Səfərli Məsihi “Divan”ındakı qəzəl, rübai və məsnəviləri geniş təhlil edib.

S.Fərəcov