Aşıq Veysəlin vəfatının 50-ci ildönümü Bakıda qeyd olunub

 

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin (1894-1973) vəfatının 50-ci ildönümü ilə əlaqədar “Cümhuriyyətin üzü” adlı konsert proqramı təqdim olunub. Tədbir Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşib.

Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç çıxış edərək Aşıq Veysəlin yaradıcılığından söz açıb: “Aşıq Veysəl Türkiyənin xaotik məsələlərinə iç səsinin əks-sədası ilə səslənə bilən, böyük problemləri böhrana çevirmədən Türkiyənin siyasi və mədəniyyət xadimlərinə təkliflər verə bilən böyük bir sənətkar idi. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair deyə bilərdik, amma Veysəl Türkiyə və türk milləti mövzularını cəsarətlə qələmə aldığı üçün milli romantik şairdir”.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Ufuk Arca Turganer, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.

Xatırladaq ki, tədbir Türkiyə Cümhuriyyətinin 100 illiyi və Türkiyədə qeyd olunan “Aşıq Veysəl İli” çərçivəsində reallaşıb.

Gecədə Əməkdar artist Nuriyyə Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynova orkestrin müşayiəti ilə Aşıq Veysəlin sevilən mahnılarını səsləndiriblər.