Gənc Tamaşaçılar Teatrı "Kontrabas" monotamaşa ilə Almaniyanın Hannover şəhərində keçirilən "Körpü" Beynəlxalq festivalında iştirak edib. Teatr festivala Xalq artisti İrina Perlovanın quruluşunda alman yazıçısı Patrik Züskindin "Kontrabas" pyesi əsasında hazırlanan eyniadlı monotamaşa ilə qatılıb.
Teatrdan bildirilib ki, bir hissəli səhnə əsərində kontrabasçı rolunu ifa edən Əməkdar artist Şövqi Hüseynov "Sənətkarlığa və səhnə varlığının parlaqlığına” görə nominasiyası üzrə diplomla təltif edilib.
Ensiklopedik biliklərə malik kontrabasçı həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.
Xatırladaq ki, "Kontrabas" tamaşası bir çox beynəlxalq festivallarda müxtəlif nüfuzlu mükafatlara layiq görülüb.