Əfqanıstanın Herat və qonşu qərb əyalətlərində oktyabrın 7-də baş verən 6,3 bal gücündə ard-arda iki zəlzələnin qurbanlarının sayı artmaqdadır. Yerli rəsmilərin məlumatına görə, oktyabrın 10-dək dağıntılar altından 2450-dək cəsəd çıxarılıb.

Herat əyalətinin Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin rəhbəri Maulavi Musa Ashari bildirib ki, ən çox Zinda Can bölgəsi zərər çəkib, burada 13 kənd tamamilə dağılıb.

Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin rəsmi nümayəndəsi Molla Canan Şeyxin sözlərinə görə, zəlzələ nəticəsində 9,2 mindən çox insan xəsarət alıb.

Qeyd edək ki, yeraltı təkanlar əslində (dünyadakı bənzər şiddətdə zəlzələlərlə müqayisədə) elə də dağıdıcı gücdə olmasa da, çoxlu itkinin qeydə alınması ərazidəki tikililərin xüsusiyyəti ilə bağlıdır. Təbii fəlakət zonasındakı kəndlərdə evlər əsasən çiy kərpicdən, qismən daş və gildən inşa edilib və ən orta gücdə zəlzələyə belə dayanıqlı deyillər.