Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Toğrul və Əsmər Nərimanbəyovların əsərləri nümayiş olunur

 

Oktyabrın 5-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) dünyaca məşhur azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun və qızı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Nəsillərin rəng dünyası” adlı sərgi açılıb.

AMM-in rəhbəri Leyla Qasımova açılış nitqində Toğrul Nərimanbəyovun həyat və yaradıcılığı barədə danışıb. Bildirilib ki, XX əsr Azərbaycan rəngkarlıq sənətinin ən tanınmış nümayəndələrindən olan Toğrul Nərimanbəyov əsərlərində doğma vətənini tərənnüm edib, xalq nağıllarımız, qədim Bakı və digər motivləri əks etdirən möhtəşəm tablolar yaradıb.

Diqqətə çatdırılıb ki, sərgidə Toğrul Nərimanbəyovun yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gələn əsərləri yer alıb. Şəxsi kolleksiyalarda saxlanılan əsərlər ilk dəfə geniş ictimaiyyətə təqdim olunur.

L.Qasımova çıxışında Əməkdar rəssam Əsmər Nərimanbəyovanın müasir Azərbaycan rəngkarlıq sənətində tutduğu yer barədə də danışıb. Qeyd edilib ki, onun yaradıcılığına qiymət verərkən ilk olaraq böyüyüb boya-başa çatdığı mühitə nəzər salmaq lazımdır.

SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltaraş, Əməkdar rəssam Elmira Hüseynovanın ailəsində dünyaya göz açan Ə.Nərimanbəyova uşaq yaşlarından rənglər dünyası ilə tanış olub. Belə bir mühitdə yetişən Ə.Nərimanbəyova yaradıcılığında özünəməxsus dəst-xətt seçib və əsərlərində fərqlilik aydın hiss olunur.

Ə.Nərimanbəyova sərginin təşkilinə görə Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib, öz kolleksiyalarındakı əsərləri bu sərgi üçün təqdim etmiş şəxslərə təşəkkür edib.

Sərginin açılışında qonaqlar arasında yer alan və T.Nərimanbəyovun 1990-cı ildə portretini çəkdiyi Fidan Bağırova uşaq yaşlarında görkəmli rəssamla ünsiyyətindən, onunla bağlı xatirələrindən bəhs edib.

Sonra T.Nərimanbəyovun yaradıcılığı barədə sənədli film nümayiş olunub.

***

Qeyd edək ki, “Nəsillərin rəng dünyası” sərgisi Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə təşkil edilən ənənəvi “Muzeylərin uzun gecəsi” layihəsi çərçivəsində oktyabrın 7-dək geniş ictimaiyyət üçün açıq olub. Mərkəzin əməkdaşları seyrçilər üçün alman və ingilis dillərində ekskursiyalar təşkil edib, sərgidəki əsərlər və müəlliflər barədə ətraflı məlumat veriblər.

Bu il 23-cü dəfə keçirilən “Muzeylərin uzun gecəsi”ndə Avstriyadakı 700-dək muzey və qalereya iştirak edib. Məqsəd insanların muzey, qalereya və sərgi salonlarına olan marağını artırmaq və mövcud sərgi və kolleksiyaları ictimaiyyətə tanıtmaqdır.

Vyanadakı AMM kollektivi də uşaqlar üçün xüsusi proqram hazırlayıb və bir ilkə imza atıb. Görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin müəllifi olduğu “Tıq-tıq xanımın nağılı”  əsasında uşaqlar üçün kukla tamaşası hazırlanıb. Mərkəzin əməkdaşı Rəşidə Əsgərli tərəfindən nağıl alman dilinə tərcümə edilib, rolların ifasında isə onu həmkarı Gülər Əzizova dəstəkləyib. Səhnə dekorasiyalarını rəssam Əsmər Nərimanbəyova tərtib edib, musiqi parçalarını Avstriyada yaşayan azərbaycanlı musiqiçi Jalə Rəsulova və onun qızı Sofiya Feyzullayeva ifa ediblər.