“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab ərsəyə gətirib. Kitab aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunub.

Layihə barədə məlumat verən ictimai birliyin sədri Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir. Zaman-zaman bir sənət sahəsi kimi sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Bu, özünəməxsus incəlikləri olan, sazbənddən peşəkarlıqla yanaşı, aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə dair zəngin bilik və geniş dünyagörüşü tələb edən spesifik bir sənət sahəsidir.

“Təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca vacibdir”, – deyə o əlavə edib.

Musa Nəbioğlunun tərtib etdiyi kitab iki hissədən ibarətdir. Birinci hissədə sazbəndlik bir sənət sahəsi kimi diqqətə çatdırılır, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sənətkarlar haqqında qısa məlumat verilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba ön söz yazıb.

Kitabın elmi redaktoru ADPU-nun prorektoru, filologiya üzrə elmlər doktoru professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədlidir.

Kitabdan folklor və musiqi araşdırıcıları, aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də geniş ictimaiyyət faydalana bilər.