Humanitar-ictimai fikrimizin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Fəridə Vəlixanova (1935-2023) bu günlərdə (4 sentyabr) 88 yaşında dünyasını dəyişdi. O, Azərbaycan və Rusiyada deyil, həm də Avropanın bir sıra ölkəsində tanınan ziyalılarımızdan idi. Onun ədəbiyyatşünaslıq elmimizin zənginləşməsində müstəsna xidmətləri olub. Fəridə xanım Bakıdakı 132 saylı məktəbi qızıl medalla bitirmiş, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində və SSRİ EA (hazırda Rusiya) M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında təhsil almışdı.

Ədəbiyyatşünas-alim 1982-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsini təşkil etmişdi. “Səməd Vurğun poeziyasının rus tərcümələri”, “Azərbaycan ədəbiyyatının beynəlmiləl üfüqləri”, “Azərbaycanın tərcümə tarixi” və s. monoqrafiyalarını çap etdirmişdi. Görkəmli tədqiqatçı Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi idi.

Professor Fəridə Vəlixanovanın tədqiqatları milli filologiyamızla bərabər, tarixi-müqayisəli ədəbiyyatşünaslıq, habelə Şərq və Qərb konteksti ilə möhkəm bağlı olub. Onun ədəbi əlaqələr və müqayisəli ədəbiyyatşünaslı sahəsində mühüm uğurları elm aləminə yaxşı məlumdur. Təsadüfi deyil ki, elmi əsərləri, habelə, tərcümə nəzəriyyəsi və tarixinə aid kitabları Avropa kitabxanalarında da saxlanılır.

Fəridə xanımın “Səməd Vurğun rus dilində birinci Azərbaycan poeziyası antologiyasında” adlı monoqrafiyası müasir ədəbiyyatımızın xaricdə öyrənilməsi və təbliği, S.Vurğunun tərcümə yaradıcılığının tarixi və rusca nəşrləri, realist tərcümə məktəbinin prinsiplərinə həsr olunmuşdu. Monoqrafiya ədəbi-elmi qaynaqlar və zəngin arxiv materialları əsasında Azərbaycan və rus oxucularına çatdırılmışdı.

F.Vəlixanova tərcümə sənətində orijinalı, milli dili bilmək və milli simanı dərindən tanımağın tərəfdarı idi. O hesab edirdi ki, faydalı tərcümə üçün gərək məqalə və xatirələr, monoqrafiyalar da öyrənilsin, obyekt və predmet dərindən qavranılsın, sonra tərcüməyə başlanılsın. Tərcümə nəzəriyyəçisi onu da bildirirdi ki, əvvəlcə sətri tərcüməyə çevirib, sonra poetik tərcümə etmək işin xeyrinə olur. Alimə görə tərcümədə vəznin, qafiyənin saxlanılmasının obyektiv və subyektiv əsasları olmalıdır. Poeziyada bədii forma gözəlliyi mənəvi qüvvətdən doğmalıdır. Vacib məsələ şairliyin zəruri səsi, orijinalda əksini tapmış bədii gerçəkliyin yenidən canlandırılmasıdır. Orijinalın dilini, orijinalda ifadə olunmuş gerçəkliyi və öz dilini gözəl bilməklə uğurlu tərcümə əldə etmək olar. Bədii tərcümənin Q.Qaçeçiladze, S.Marşak, P.Antokolski, M.Rılski, B.Pasternak, N.Qumilyov, İ.Dyakonov, V.Bryusov, E.Etkind kimi nəzəriyyəçiləri tərcüməçilik sənətinin əsasları haqqında qiymətli fikirlər söyləmişdi. F.Vəlixanova mühakimə və təhlillərində ənənə və varisliyi gözləməklə sələflərinə hörmətlə yanaşmış, onların mühüm elmi-nəzəri müddəalarını inkişaf etdirmişdi. Alim təqdir edirdi ki, H.Cavid, M.Müşfiq, S.Vurğun, Ə.Cavad, A.Axmatova, K.Çukovski, T.Qnediç, V.Markov, L.Eydlin, N.Rıkova, A.Adalis, V.Rojdestvenski öz fəaliyyətində poetik əməklə elmi-filoloji əməyi birləşdirirdilər. Bu mənada bədii yaradıcılıq, xüsusilə poeziya sənətkarın şəxsiyyəti, dünyagörüşü ilə möhkəm bağlı olur. Poeziyada mövcud lirik qəhrəman, əslində, sənətkarın şəxsiyyəti ilə onun estetik idealının vəhdətindən yaranır.

Müəllifin bir nəzəri fikri də əhəmiyyətlidir ki, qohum dillərdə (türk dillərində) fonetik quruluşu eyni olan xalqların poeziyasında tərcümə zamanı vəzni saxlamaq vacibdir. Ona görə ki, burada vəzn sadəcə ölçü deyil, orijinalın bədii formasını, milli təfəkkür səviyyəsini göstərən daha geniş anlayışdır. Özbək və Azərbaycan xalqlarının mədəniyyət və ədəbiyyatı bir-birinə yaxın olduğundan tərcümə zamanı vəzni saxlamaq vacibdir. Məsələn, Maqsud Şeyxzadə poeziyasını Azərbaycan dilinə tərcümə edəndə onun əruzunu heca vəzni ilə əvəz etməyə haqqımız yoxdur. Lakin S.Vurğun “Leyli və Məcnun” poemasının farsca yazıldığını nəzərə alıb onun əruzunu 11-lik hecada səsləndirməyi vacib bilirdi.

F.Vəlixanovanın “Akademik Vasili Vladimiroviç Bartold Azərbaycan mədəniyyəti tarixinin hüdudlarında” adlı monoqrafiyası görkəmli rus şərqşünası, tarixçi və etnoqrafının həyat və fəaliyyətinə həsr olunmuşdu. Bu qiymətli kitab alimin tədqiqatlarının aktuallığı, elmi yeniliyi, müasirliyi, tarixi əhəmiyyəti türkologiya elminə verdiyi nailiyyətlərlə səciyyəvidir. Müəllif şərqşünas-alimin elmi irsinə yanaşmasında tarixi-müqayisəli tədqiqat metodunun imkanlarına əsaslanırdı. O,  mənəvi potensiyanı akademik V.Bartoldun Azərbaycan və Türkiyədə ali təhsil ocaqlarında oxuduğu mühazirə mətnlərindən alırdı. V.Bartold 1924-cü ildə ADU-nun Şərq fakültəsində mühazirələr oxumuşdu. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Tarix-etnoqrafiya şöbəsi “Müsəlman dünyasının tarixində Xəzəryanı vilayətlərin yeri” adlı həmin mətnləri (cəmi 20 mühazirə) müqəddimə ilə birlikdə çap etdirmişdi.

Əməkdar elm xadimi F.Vəlixanova V.Bartoldun tarixçi və yazıçı (filoloq) kimi fərdiyyəti üzərində də geniş dayanmışdı. O, ədəbiyyat və mədəniyyətin tarixi rolundan danışarkən Nizami, Nəsimi, Füzuli, Hadi, Sabir, S.Ə.Şirvani, C.Məmmədquluzadə, Puşkin, Tolstoy, Dostoyevski və Çexov kimi sənətkarların cəmiyyət üçün mədəni-tarixi xidmətlərini nümunə göstərirdi. Qeyd edirdi ki, K.Paustovskiyə deyiləndə ki, almanların böyük ədəbiyyatı olmasına baxmayaraq, bu ədəbiyyat faşizmin gəlişinə mane ola bilməmişdi. O isə cavabında bildirmişdi ki, “alman ədəbiyyatı olmasaydı, faşizm qalib gələrdi”.

Akademik V.Bartold qədim türk köçəriləri tarixinin ən yaxşı bilicisi olub. O, elmi-pedaqoji fəaliyyətində ərəb və İslam tarixinə böyük yer ayırıb. İslamla bağlı əsərlərində “rus elmində ilk dəfə olaraq İslam dini tarixinə dair mühüm məsələlərə orijinal şərhlər verib”.

Sovet dövründə V.Bartold Rusiya EA Şərqşünaslar komissiyasının daimi nümayəndəsi, Türkologiya İnstitutunun direktoru, “İran” jurnalı və digər nəşrlərin redaktoru olub. Şərqşünas-alim ittifaq respublikalarında Şərq tarixi kafedraları, elmi kitabxanaları, əlyazma fondları və muzeylərinin yaradılmasında böyük xidmətlər göstərib. Bu baxımdan onun “Taciklər” (1925), “Qırğızlar” (1927) əsərləri də diqqətəlayiqdir.

Orta Asiya xalqlarının tarix və etnoqrafiyasının məşhur bilicisi olan akademik V.Bartold 1926-cı ildə İstanbul Universitetində Orta Asiyanın türk xalqlarının tarixindən bəhs edən 12 mühazirədən ibarət vəsait hazırlamış və onu 1927-ci ildə türk, 1935-ci ildə alman, 1945-ci ildə fransız dillərinə tərcümə etdirmişdi.  V.Bartoldun “Türküstan monqol işğalları dövründə” (1928) əsəri ingilis dilinə tərcümə olunmuş və Londonda nəşr edilmişdi. Alimin 1927-ci ildə “Türküstan dostları, tələbələri və pərəstişkarları” adlı məcmuəsi çapdan çıxmışdı. Burada onun tarix, arxeologiya, antropologiya, etnoqrafiya, filologiya, iqtisadiyyat və biblioqrafiya sahələrinə dair yazıları yer almışdı.

Fəridə xanım V.Bartoldun “Kitabi-Dədə Qorqud” dastanı sahəsində tədqiqləri üzərində ətraflı dayanmışdı. Göstərmişdi ki, əsər ilk dəfə rus dilinə bu görkəmli alim tərəfindən tərcümə edilmişdi. V.Bartold “Türk eposu və Qafqaz” (1930) adlı məqaləsində əhəmiyyətli elmi müddəalar irəli sürmüş və dastanın Drezden əlyazmasını yenidən yazıya almışdı.

1894-1904-cü illərdə V.Bartold “Qorqud kitabı”nın 4 hissəsini rus dilinə çevirmiş və orijinalı ilə birlikdə nəşr etdirmişdi. 1922-ci ildə Ümumdünya ədəbiyyatı kitabxanası üçün kitabların tərcüməsini başa çatdırmış, geniş ön sözlə çapa hazırlamış, lakin nəşriyyat bağlandığından çapı baş tutmamışdı. SSRİ EA-nın arxivində saxlanılan əlyazma akademik H.Araslı və professor M.Təhmasibin redaktəsi ilə 1950-ci ildə Azərbaycan SSR EA-nın nəşriyyatında çap olunmuşdu. Həmin nəşrdə V.Bartoldun qeydlərinə bəzi düzəlişlər edilmiş, hətta tərcümə mətninin içində belə qeyd-şərtsiz özünə yer almışdı.

Professor F.Vəlixanova göstərirdi ki, V.Bartold “Dədə Qorqud”un ilk tərcüməsini orijinalı ilə birlikdə 1894-cü ildə “İmperatorun Arxeologiya Cəmiyyəti Şərq bölməsinin qeydləri”ndə nəşr etdirmişdi. Nəşrin böyük elmi-tarixi dəyərindən, tərcümənin keyfiyyətindən, mənbəşünaslıq və mətnşünaslıq əhəmiyyətindən bəhs edən Fəridə xanım yazırdı: “Azərbaycan xalqının tarixi-mədəni keçmişinə geniş differensial baxış akademik V.V.Bartoldun “Kitabi-Dədə Qorqud” kimi böyük xalq eposunun üzə çıxarılması, onun şərhi və sistemləşdirilməsinə gətirib çıxarıb”.

F.Vəlixanova monoqrafiyasında Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan əlifbasının tarixi taleyi, yazı dilinin itirilməsi, ərəb və fars dillərinin yazılı ədəbiyyata gəlişi və milli mədəniyyətə təsiri barədə akademik V.Bartolda istinadla söz açmışdı...

Fəridə Ağaəli qızı Vəlixanova sadə, səmimi və mehribanlığı, həm də Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına verdiyi mühüm töhfələrlə qəlblərdə əbədi yaşayacaq. Ruhu şad olsun.

Əlizadə Əsgərli
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru