Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Mənim düşüncəm” adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqəyə 9-21 yaş arasında 800-dən çox uşaq, yeniyetmə və gənc ümumilikdə 1200-ə qədər əsər təqdim edib.

Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş yaradıcılıq nümunələrinə üstünlük verilib.

Müsabiqənin yekun sərgiləri oktyabrın 17-18-də növbəli şəkildə (yaş kateqoriyaları üzrə) Xətai Sənət Mərkəzində keçiriləcək. Sərgilənəcək əsərlər oktyabrın 16-dək çərçivədə təqdim olunmalıdır.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.