Xalqımızın qürur qaynağına çevrilən 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. Üçüncü ildönümünü qeyd etdiyimiz bu haqq savaşında minlərlə qəhrəman Vətən oğlunun canı-qanı bahasına torpaqlarımız düşməndən azad edildi, suverenliyimiz bərpa olundu. Şəhidlərimizin əziz xatirəsi, qəhrəmanlıqları heç zaman unudulmayacaq.

Ağdam rayonunda Vətən müharibəsi şəhidləri Emil Qurbanovun və Məhəmmədəli Məhəmmədəlizadənin xatirəsi anılıb.

Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, məktəblilər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında hər iki şəhidin məzarlarını ziyarət ediblər.

Emil Qurbanov 1999-cu il dekabrın 10-da Ağdamın Çəmənli kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 10-da Suqovuşan istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid çavuş Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə 1992-ci il aprelin 28-də Ağdamın Güllücə kəndində anadan olub. O, 2020-ci il oktyabrın 8-də Ağdam rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Lənkəranda Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anım günü münasibətilə tədbir təşkil edilib. Lənkəranın icra başçısı Taleh Qaraşov, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər.

Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəranın İstisu qəsəbəsində anadan olub. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Zaur Vətən müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə yollanıb. Oktyabrın 9-da Füzuli rayonu istiqamətində qəhrəmancasına şəhadətə qovuşub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Lerik rayonunun Mistan kəndində Vətən müharibəsi şəhidi Çingiz Babayevin anım mərasimi keçirilib. Mərasimdə rayonun icra başçısı Əkbər Abbasov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çingiz Babayev 2001-ci il sentyabrın 21-də Lerik rayonunun Mistan kəndində anadan olub. Vətən müharibəsində Ağdərə, Tərtər və Suqovuşan istiqamətində ağır döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhadət şərbətini içib. Ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, Suqovuşan və Laçının azad olunmasına görə medalları ilə təltif edilib.

***

Cəbrayıl rayon Mədəniyyət Mərkəzi, Nüzgar, Çərəkən, Qovşudlu kənd klubları və rayon MKS-nin 4 saylı İsaxlı kənd kitabxana filialının əməkdaşları 2016-cı ilin Aprel döyüşlərinin şəhid kiçik çavuşu Ruhin Qəhrəmanovun ailəsini ziyarət ediblər.

Əslən rayonun Daş Veysəlli kəndindən olan Ruhin Qəhrəmanov 1994-cü il oktyabrın 10-da Biləsuvar rayonu ərazisində məcburi köçkün düşərgəsində dünyaya gəlib. Aprel döyüşləri zamanı Lələtəpə uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

***

Şirvanda Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun xatirəsi yad olunub. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında belə vətənpərvər, mərd, şücaətli övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlığını bildirib, tarixi Qələbənin əldə olunmasında canından keçən qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edib. Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən söhbət açıblar.

Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində dünyaya göz açıb. Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Suqovuşan döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Şəki rayon Şorsu kənd Folklor klubu və Şorsu kənd icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Cəmil Niftəliyevin (1968-1992) anadan olmasının 55 illiyinə həsr olunan “Şəhidlik ən uca zirvədir” adlı xatirə gecəsi keçirilib.

Çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, C.Niftəliyevin göstərdiyi igidlikdən danışıblar.

Cəmil Niftəliyev 1968-ci il oktyabrın 5-də Yardımlı rayonunun Şəfəqli kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il martın 29-da Ağdam rayonunun Şelli kəndi uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra şəhidə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Zaqatalada Vətən müharibəsi şəhidləri Mütəllib Serov, Şahin İskəndərov və Ümid Məmmədovun şəhadətə yüksəlmələrinin üçüncü ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyətin nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək xatirələrini ehtiramla anıblar. Mərasimlərdə Vətən müharibəsində, eləcə də Qarabağ iqtisadi rayonundakı qanunsuz Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri barədə söz açılıb. Bildirilib ki, xalqımız bütün şəhidlərin əziz xatirəsini qəlbində əbədi yaşadacaq.

Şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Nurəddin Məmmədli