Şəhid baş leytenant haqqında kitab təqdim olunub

 

Oktyabrın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Teymur Məcidzadənin anadan olmasının 31-ci ildönümünə və haqqında yazılmış “Şuşada bitən yuxu” kitabının təqdimatına həsr olunmuş tədbir keçirildi.

Teatrın foyesində müəllif Könül Fazilqızı kitabı imzalayaraq qonaqlara təqdim etdi. İştirakçılar Teymurun döyüş yolunu əks etdirən fotosərgi ilə tanış oldular.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək bildirdi ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərimizin cəmiyyətə, gənclərə ötürülməsi, onların milli ruhda yetişməsidir: “Xalqımız son üç ildə tarixinin ən parlaq səhifəsini yaşayır. Bu da Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun, Teymur Məcidzadənin timsalında qəhrəman zabit və əsərlərimizin 2016, 2020 və sonda 2023-cü ilin sentyabrında göstərdikləri böyük şücaətin, fədakarlığın nəticəsidir. Bütün şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, şəhid ailələri, qazilərimiz ən uca, ən müqəddəs ünvan olacaq. Teymur Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Şuşa bizim qədim mədəniyyət beşiklərimizdəndir. Bu gün orada aparılan sürətli bərpa və quruculuq işlərinin məqsədi mədəniyyətimizin, mənəviyyatımızın qısa zamanda Şuşaya qaytarılmasıdır. Bu quruculuq işlərini fəxarətlə izləyərkən şəhid və qazilərimizi dərin minnətdarlıq hissi ilə yada salırıq”.

Kitab haqqında söz açan nazir müavini bildirdi ki, şanlı Zəfərimizin əldə edilməsinin nə qədər çətinliklə başa gəlməsini, Vətən yolunda minlərlə igid oğulun qanının tökülməsini, gənc nəslə təbliğ etmək vacibdir: “Kitabın adı mistik bir məna daşıyır – “Şuşada bitən yuxu”. Bu gün Prezidentimizin rəhbərliyi ilə bütün regionda yeni reallıqlar yaşanmaqdadır. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Gələn il isə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək”.

Paytaxtın Nizami rayonunun icra başçısı Coşqun Cəbrayılov şəhid ailələrinə diqqət və qayğının dövlət qurumlarının fəaliyyətində ümdə məsələlərdən biri olduğunu vurğuladı.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkili Könül Nurullayeva çıxışlarında Teymur Məcidzadənin Vətən sevgisindən və qəhrəmanlığından söz açdılar.

Şəhidin anası Yasəmən Məcidzadə çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Sonra tədbir bədii hissə ilə davam etdi.

Teymur Tehran oğlu Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra ailəsi Bakı şəhərinə köçür. T.Məcidzadə 2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alır. Sərhəd Qoşunları tərkibində əsgəri xidmətini başa vurduqdan sonra, hərbi hissədə qalıb qulluq etməyi qarşısına məqsəd qoyur, baş leytenant rütbəsinə qədər yüksəlir.

T.Məcidzadə Vətən müharibəsində Füzuli rayonundan Şuşayadək döyüşlərdə qəhrəmanlıq göstərib. 2020-ci il noyabrın 9-da Vətən müharibəsinin 43-cü günündə, savaşın bitməsində saatlar qalmış Şuşa ərazisində şəhid olub, Fəxri xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə, habelə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Lalə Azəri