Azərbaycan xalqının müxtəlif zamanlarda yaratdığı əfsanə, nağıl və dastanlar əsrdən-əsrə, nəsildən-nəslə keçərək günümüzə qədər gəlib çatıb. Bu mənəviyyat xəzinəsinin toplanması və zənginləşməsində folklorşünas alimlərimizin böyük xidmətləri var. Onlardan biri ədəbiyyatşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından olan Hənəfi Zeynallıdır. Görkəmli alim topladığı folklor nümunələrini ilk olaraq kitabça şəklində nəşr etdirib, bu mövzuda nəzəri əhəmiyyətli məqalələr qələmə alıb.

Məlumdur ki, ötən əsrin 30-cu illərində Azərbaycan alimləri böyük faciələrlə üzləşib. Elmin müxtəlif sahələrində çalışan istedadlar repressiyaya məruz qalıblar. Hənəfi Zeynallı da ömrü faciə ilə bitən elm fədailərindəndir.

Hənəfi Baba oğlu Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində dəmirçi-nalbənd ailəsində dünyaya göz açır. Uşaq yaşlarında valideynlərini itirsə də, təhsilindən qalmır. Əvvəl mədrəsədə, sonra rus-müsəlman orta məktəbində oxuyur. 1916-cı ildə Bakıdakı İmperator Texniki Peşə Məktəbinə daxil olur. Bir il burada oxuyur. 1917-ci ildə ölkədə baş verən siyasi dəyişiklik nəticəsində təhsilini davam etdirə bilmir.

1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olur. Təhsilini başa vurduqdan sonra universitetin Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasında, sonra isə Azərbaycan Pedaqoji İnstitutunda işləyir. Eyni zamanda Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”) baş redaktor vəzifəsində çalışır. “Kommunist”, “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət”, “Maarif işçisi” jurnalları ilə əməkdaşlıq edir, bu nəşrlərdə ədəbi-publisistik yazılar və folklor sahəsində tədqiqatlarını dərc etdirir.

Onun əsərləri içərisində 1926-cı ildə ərsəyə gətirdiyi “Azərbaycanın atalar sözləri və məsəllər” kitabının xüsusi dəyəri var. Kitabda dörd minədək atalar sözü və məsəl toplanıb. O, daha sonra “Azərbaycan tapmacaları” (1928) kitabını nəşr etdirir. Bu kitabı müəyyən elmi prinsiplər əsasında işləyir. Kitaba böyük bir müqəddimə yazır. Dövri mətbuatda dərc etdirdiyi “Ağız ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Oktyabr inqilabı və Azərbaycan folkloru” və s. məqalələri ilə də diqqət çəkir.

H.Zeynallı Azərbaycan xalqının adət-ənənələrini, məişət tərzini, ədəbiyyatını, folklorunu dərindən bilib. Onun “Azərbaycan tapmacaları” kitabında tapmacalar haqqında söylədiyi fikirlər Azərbaycan folklorşünaslığı üçün yeni olub. O, tapmacaları ayrıca deyil, Azərbaycan folklorunun başqa janrları ilə, xüsusilə, atalar sözləri və bayatılarla əlaqəli şəkildə təhlil edir. Göstərir ki, tapmacalar iki və daha artıq şəxs arasında mükalimə (sual-tapmaca və onun cavabı) şəklində meydana gəlir. Buna görə də tapmaca atalar sözü  və bayatıdan fərqli olaraq daha çox kollektiv əməyinin məhsuludur. Onlar məclis, şənlik və tapmaca gecələrində kollektiv tərəfindən yaradılır.

H.Zeynallı 1935-ci ildə Azərbaycan nağıllarından ibarət kitab tərtib edərək rus dilində də nəşr etdirir. Kitabı görkəmli rus folklorşünası, professor M.Y.Sokolov redaktə edir.

Alim 1929-cu ildən başlayaraq təqib və təhdid edilir. Cümhuriyyətçilərlə, xüsusilə Bəkir Çobanzadə ilə münasibət qurmaqda günahlandırılır. İttihamlardan biri onun əsərlərində guya əksinqilabi, millətçi ideologiyadan yazması olur. 27 yanvar 1937-ci ildə həbs edilir. O artıq repressiyaya məruz qalmış Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxlamaqda, antisovet təşkilata üzv olmaqda ittiham edilir. H.Zeynallı bu ittihamları rədd edir.

Ancaq fevralın 24-dəki istintaqda o, gördüyü dözülməz işgəncələrdən sonra belə bir etiraf altına imza atır: “Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, İmran Babayevi də həmin təşkilata cəlb etmişəm. Mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Türkiyəyə meyil etmək baxımından Azərbaycanın SSRİ-dən ayrılmasına tərəfdar idim və s...”.

Hənəfi Zeynallı ən ağır cəzaya – güllələnməyə məhkum edilir. 1937-ci ildə oktyabrın 13-də hökm yerinə yetirilir.

İyirmi il sonra, 30 mart 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarına əsasən, 12 sentyabr 1937-ci ildə SSRİ Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirilir. Görkəmli alim ölümündən sonra bəraət alır...

S.Fərəcov