“Ultra” Production”un istehsalı olan “Məhvolma” qısametrajlı bədii filmi Avstriyada festivalda nümayiş olunub. 5-ci Lints Beynəlxalq Qısametrajlı Film Festivalında (Linz İCFF, 4-8 oktyabr) təqdimat ekran əsərinin Avropa premyerası olub.

Filmdəki hadisələr rəssam qız, qəflətən onun həyatına girən oğlan və hadisəni araşdıran polis arasında baş verir. Yaralı oğlan özünü rəssamın emalatxanasına atır. Rəssam qız ona kömək etməyə çalışır. Bu vaxt hadisə yerinə polis gəlir...

Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır. Rollarda Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli çəkiliblər.

Qeyd edək ki, “Məhvolma” bundan öncə Cənubi Koreya, Çin, ABŞ və Qırğızıstanda festivallarda göstərilib.