13-15 oktyabr tarixlərində “Kimyaçı”lar Mədəniyyət Sarayında III Sumqayıt Kitab Sərgisi keçirildi.

Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşən sərginin rəngarəng proqramı vardı. Biz də tədbirin son günü sərgi keçirilən məkana baş çəkib, təşkilatçı və iştirakçıların fikirlərini öyrəndik.

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANA) idarə heyətinin üzvü, “BookZone” kitab evinin rəhbəri Seymur Tağıyev qeyd etdi ki, ANA tərəfindən ümumilikdə 14-cü kitab sərgisi təşkil edilir: “Gördüyünüz kimi, sərgiyə böyük maraq var. Sərgidə ölkənin 22 nəşriyyatı iştirak edir. Kitab bayramında nəşrlərə 20 faizdən 60 faizə qədər endirim tətbiq edilir. Onu da qeyd edim ki, sərgi çərçivəsində Təhsilin İnkişaf Fondu və ANA-nın birgə təşkilatçılığı ilə keçirilən “Kitabqurdu” I yay oxu marafonunun qalibləri də mükafatlandırıldı. I, II və III yerlərə müvafiq olaraq 1000, 500 və 300 manat pul mükafatı verildi”.

Kitab şölənində iştirak edən nəşriyyatlardan biri də “Ting” nəşriyyatıdır. Nəşriyyatın rəhbəri, Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Çinarə Köçərli bu dəfə sərgiyə 8 yeni kitab gətirdiklərini bildirdi. Ümumilikdə isə nəşriyyat tərəfindən oxuculara 45 adda kitab təklif olunur. Nəşr məhsullarına 50 faizədək endirimin edildiyini söyləyən müsahibim oxucuların Qarabağ və türk tarixindən bəhs edən kitablara daha çox maraq göstərdiyini dedi.

Bildirək ki, sərginin açılış mərasimində ANA idarə heyətinin sədri Şəmil Sadiq, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov və digər qonaqlar çıxış ediblər.

Üç gün davam edən sərgidə tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza mərasimləri, musiqi və şeir saatları axşamları, uşaqlar üçün nağıl saatları keçirilib. Yazıçılar Zahid Xəlil, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu və başqalarının oxucularla görüşü gerçəkləşib.

ANA-nın növbəti kitab sərgisinin dekabr ayında Gəncədə keçirilməsi nəzərdə tutulur.

N.Məmmədli