Türkiyədə musiqiçi-pedaqoq soydaşımız haqqında kitab çapdan çıxıb

 

Bu günlərdə musiqişünaslardan biri mənə “Pianoya adanmış bir ömür” adlı kitab verdi. Türkiyədə nəşr olunan kitab azərbaycanlı pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ərzurum Atatürk Universiteti Gözəl sənətlər fakültəsinin professoru Həqiqət Məhərrəmovanın 75 illiyi münasibətilə hazırlanıb.

Həqiqət Ələsgər qızı Məhərrəmova 1948-ci il martın 8-də Şəkidə anadan olub. 1971-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) bitirib. 1972-1974-cü illərdə təhsilini Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasının aspiranturasında SSRİ Xalq artisti P.A.Serebryakovun sinfində davam etdirib. 1974-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasının İxtisas fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1980-1994-cü illərdə burada Fortepiano fakültəsinin metodiki seksiyasına rəhbərlik edib. 1997-1998-ci illərdə Pakistanın Lahor şəhərində pianoçu-solist kimi fəaliyyət göstərib. 1999-cu ildən Ərzurum Atatürk Universitetində dərs deyir.

Qeyd edək ki, Həqiqət Məhərrəmova hələ konservatoriyada təhsil aldığı zaman, 1969-cu ildə Azərbaycan bəstəkarlarının kamera əsərlərinin ən yaxşı ifası üzrə müsabiqədə birinci yeri tutub, 1979-cu ildə isə nəfəs alətləri ifaçılarının I Zaqafqaziya müsabiqəsində ən yaxşı konsertmeyster kimi fəxri diploma layiq görülüb. Onun konsert proqramına müxtəlif üslub və janrlarda əsərlər daxildir. İnterpretasiyasında həmişə inandırıcı olan bu əsərlər pianoçunun müasir düşüncə tərzini əks etdirir. Onun ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət səs yazıları olan CD-lər var.

Musiqi tənqidçiləri onun qüsursuz musiqi zövqünü, fortepiano musiqisi çalarlarını mükəmməl bilməsini, virtuozluğunu, ən başlıcası isə ifasının emosional təsir gücünü və dolğunluğunu vurğulayırlar. Pianoçunun elmi fəaliyyəti isə geniş spektrli istiqamətləri əhatə edir. Bunlar həm elmi-metodiki məqalələr, həm Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin ifasına dair metodiki tövsiyələr, müxtəlif fortepiano ifaçılarının bədii yaradıcılıq  ənənələrinin şərhi, həm də tədris proqramıdır.

Bundan əlavə, o, “Azərbaycanda fortepiano-ifaçılıq mədəniyyətinin təşəkkülü və inkişafı” adlı tədris vəsaitinin müəllifidir. Tədris vəsaitinə bir sıra çox maraqlı və mühüm aspektlər daxil edilib. Bunlar həm fortepianonun texniki təkamülünün xronologiyası, həm də fortepiano ifaçılığı və yaradıcılığı ənənələrinin qorunub saxlanılmasına və inkişafına təsir göstərən kreativ amillərdir.

Həqiqət Məhərrəmova Türkiyədə Beynəlxalq Ərzurum piano günləri (2007, 2010), Milli fortepiano musiqisi festivalları, habelə Beynəlxalq Ərzurum klassik musiqi festivalının (2012) layihə müəllifi və münsiflər heyətinin üzvü olub.

“Pianoya adanmış bir ömür” kitabında Azərbaycan, Türkiyə, Rusiya, Moldova və digər ölkələrdən tanınmış elm və incəsənət xadimlərinin sənətkar haqqında məqalə və fikirləri yer alıb.

Kitab Atatürk Universitetinin rektoru professor Ömər Çomaklının ön sözü ilə açılır. Rektor pianoçunun zəngin elmi ilə klassik musiqi sahəsindəki bacarıqlarını universitetin müvafiq sahəsinin inkişafında mühüm rol oynadığını bildirir. Gözəl sənətlər fakültəsinin dekanı Mustafa Bulat isə H.Məhərrəmovanı “müasir sənət elmini dolğun şəkildə, ləyaqətlə tədris edən müəllim kimi xarakterizə edir, pianoçunun tədrisə yeni ruh və baxış gətirdiyini vurğulayır.

Kitabda Azərbaycandan Xalq artistləri Fərhad Bədəlbəyli, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Azər Rzayev, Rauf Atakişiyev, professorlar Rəna Məmmədova, Aida Tağızadə və digər tanınmış incəsənət adamlarının ürək sözləri və məqalələri də yer alıb.

Nəşrdə musiqiçi xanımın qardaşı Xalq artisti Məbud Məhərrəmovun da fikirləri ilə qarşılaşırıq: “Mənəvi dünyama zənginlik qataraq xarakterimin formalaşmasında rol oynadın. Bununla bərabər, mənə hər zaman bir o qədər də diqqət və sevgi verdin. Buna görə sənə minnətdaram”.

Həqiqət Məhərrəmovanın yaradıcılığının müxtəlif illərini əks etdirən fotolar, konsert və layihələrinin afişaları kitabı daha da rəngarəng edib.

Lalə Azəri