Bölgələrdə “Heydər Əliyev İli” tədbirləri davam edir

 

Füzuli rayonunun Horadiz şəhərindəki Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Rənglərin sehrində” adlı rəsm sərgisi təşkil edilib.

Füzuli Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rayon mədəniyyət müəssisələri dərnək üzvlərinin 50-dən çox peyzaj, portret janrında, eləcə də naturadan çəkilmiş əl işləri nümayiş olunub.

***

Salyan rayon Mədəniyyət Mərkəzi və YAP Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin mədəniyyətimizin bütün sahələrinin inkişafına diqqət və qayğısından bəhs ediblər.

Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” ailə xalq ansamblı tərəfindən instrumental musiqi nömrələri təqdim olunub.

***

Göyçay rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib. Bildirilib ki, Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və müstəqilliyimizin inkişaf salnaməsidir. Sonda Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

***

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda uşaq hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin uşaq hüquqları ilə bağlı siyasəti, qəbul edilmiş qanunlar və uşaq hüquqları haqqında beynəlxalq konvensiyalar barədə ətraflı məlumat verilib.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Gəncliyin himayədarı” adlı tədbir təşkil olunub. Çıxışlarda Ulu öndərin gənclərimizə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə aparılan siyasətin uğurlu nəticələrindən, həmçinin mərkəzin “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi layihə və tədbirlərdən söz açılıb.

Nurəddin