Sənədli filmin nümayişi keçirilib

 

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsi və “TEAS Press” nəşriyyatının təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.

Sənədli film Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımovdan bəhs edir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri, Birinci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovun ailə üzvləri, digər qonaqlar iştirak ediblər.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nümayişdən əvvəl çıxış edən mədəniyyət nazirinin müşaviri Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu film haqqında fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan və Böyük Britaniya kinematoqrafçılarının birgə istehsalı olan “Oğul” filmi publisistik kino salnaməsidir.

Filmin prodüseri Ekard Seycer (Eckart Sager) ekran əsərinin ərsəyə gəlməsi prosesindən danışıb. O, film çəkildiyi dövrdə, hadisələrdən 25 il keçməsinə baxmayaraq, Natiq Qasımovun aqibəti haqqında məlumatların olmadığını diqqətə çatdırıb, məhz bu səbəbdən onun başına nələrin gəldiyini araşdırmaq üçün yola çıxdığını deyib. Natiq Qasımovun ermənilər tərəfindən ələ keçirilməsi və sorğu-sual olunması səhnələrindən təsirləndiyini qeyd edib: “Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bu məsələyə obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi hadisə Qarabağ müharibəsinin təcəssümüdür”.

Natiq Qasımovun qardaşı Nofəl Qasımov isə jurnalistlərə müsahibəsində qeyd edib ki, “Oğul” sənədli filminin çəkilişinə başlanılanadək onun taleyi barədə heç bir məlumat yox idi: “Sadəcə, onun əsir götürülməsi haqqında məlumatımız var idi. Sonradan bildik ki, Natiq ermənilərlə təkbaşına döyüşüb. Daha sonra isə Xocalıda girov götürülən sakinlərin öldürülməməsi üçün təslim olmağa razılaşıb”.

Natiq Səlim oğlu Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində döyüşlərdə igidlik göstərib.

Hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.

Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli məqaləsində hətta təslim olduqda belə Azərbaycan bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan bayrağını fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer almışdı.

Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film rejissor və ssenari müəllifi Karan Sinqh tərəfindən italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb.

Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib.

Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir.

Xatırladaq ki, 2022-ci il fevralın 28-də Nizami Kino Mərkəzində premyerası olan film Azərbaycan və ingilis dillərində hazırlanıb.  Film iki dəfə ABŞ-də nümayiş etdirilib.

Natiq Qasımovun şücaətini əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib.

Tədbir zamanı “TEAS Press”in kitablarının satışı da reallaşdırılıb və əldə olunan gəlir “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.