Azərbaycan İstiqlal Muzeyinin “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində qazilərlə görüş keçirilib.

18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirdə bu günün tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, 1991-ci ildə Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını dünyaya bəyan edib.

Tədbir iştirakçıları İstiqlal Muzeyinin ekspozisiyası ilə tanış olublar.

Qazilər xalq-dövlət-ordu birliyinin təcəssümü olan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrimizin şücaəti ilə əldə edilən tarixi Zəfərdən söz açıblar.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin və Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı üzvlərinin iştirakı ilə konsert proqramı keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müalicə alan qazilər, Xətai rayonu 7 nömrəli tam orta məktəbin şagirdləri və “İRƏLİ” İctimai Birliyinin könüllüləri iştirak ediblər.