Oktyabrın 20-si bənzərsiz səs sahibi, məlahətli ifası ilə milyonların qəlbində iz qoymuş unudulmaz müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) anadan olmasının 101-ci ildönümüdür. Bu il həm də sənətkarın əbədiyyətə qovuşmasından 30 il ötür.

Bakıda dünyaya göz açan Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi  Texnikumunda (Hüseynqulu Sarabskinin sinfi) təhsil aldıqdan sonra Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyətini davam etdirib, eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində musiqiçi nəsillərin yetişməsinə öz töhfəsini verib.

Onun ifa etdiyi “Segah”, “Qatar”, “Şahnaz” muğamları, “Gəl, səhərim”, “Sən mənimsən, mən sənin”, “Sənsən, ürəyim”, “Tez gəl”, “Bir könül sındırmışam”, “Durnalar”, “Ayrılıq”, “Axşam”, “Ay qadası”, “Yar gəldi”, “Dərələr” və s. mahnılar musiqisevərlərin könlünü oxşayıb. Cahangir Cahangirovun “Füzuli” kantatası isə müğənninin ecazkar səsində bu gün də dinləyənləri riqqətə gətirir.

Şövkət Ələkbərova keçmiş ittifaq respublikaları ilə yanaşı, Fransa, İsveçrə, İtaliya, Polşa, Türkiyə, Misir, Hindistan, İran, Əfqanıstan, Şri-Lanka, Əlcəzair və s. ölkələrdə qastrollarda olub, musiqi mədəniyyətimizi layiqincə təbliğ edib.