Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası 110 ildir Azərbaycan mədəniyyətinin bəzəyidir və onu dünyada tanıdır. Üzeyir Hacıbəyli bu əsəri 1913-cü ildə, 28 yaşında yazıb. Həmin vaxt Sankt-Peterburq Konservatoriyasında oxuyan gənc bəstəkar operettanı tamamladıqdan sonra onu ilk dəfə konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərmişdi. A.Qlazunov əsəri çox bəyənmiş və yüksək qiymətləndirmişdi.

“Arşın mal alan” operettasının süjet xəttində yenilikçi, mütərəqqi əxlaqi görüşləri ifadə edən qəhrəmanlar diqqət mərkəzindədir. Bu əsərlə Ü.Hacıbəyli gənclərə kənar müdaxilə olmadan şəxsi həyatlarını öz seçimlərinə əsasən qurmaq şüarlarını irəli sürür.  Üzeyir Hacıbəylinin özü də dövrünün müasir gənci kimi 24 yaşında Məlikə xanımı sevib-bəyənərək ömür-gün yoldaşı olaraq seçmişdi.

“Arşın mal alan” operettası 1913-cü ilin 25 oktyabrında Bakıda Hacı Zeynalabdin  Tağıyevin teatrında tamaşaya  qoyulandan sonra qısa zamanda Qafqazda yaşayan bir çox xalqların dilinə, eləcə də rus, özbək, türkmən, yəhudi, gürcü, ingilis, fransız, çin, polyak, ərəb, fars, türk və s. dillərə tərcümə olunmuşdur.

Əsər Bakıda üç dəfə (1916, 1945¸1965) ekranlaşdırılmışdır. 1945-ci ilin filmi bütün dünyanı gəzərək şöhrət qazanmışdır. Həmin ekranlaşdırmanın da maraqlı tarixçəsi vardır:

1943-cü ildə Tehranda SSRİ, ABŞ və İngiltərə liderlərinin iştirakı ilə tarixi konfrans keçirilir. Bununla bağlı bədii proqram da hazırlanır. O cümlədən azərbaycanlı artistlər də sovet nümayəndə heyəti tərkibində Tehrana yollanırlar. Qonaqlara Hollivudda (ABŞ) çəkilmiş “Arşın mal alan” filmi də nümayiş olunur. Filmin rejissoru kimi Tiqranov,  bəstəkarı kimi isə R.Maqalyan qeyd edilmişdi.

Azərbaycanlı nümayəndələr bu xəbəri “Arşın mal alan” operettasının həqiqi  müəllifinə - Ü.Hacıbəyliyə çatdırırlar. Üzeyir bəy dərhal SSRİ rəhbəri Stalinə məktub yazır. Qısa zamanda Stalindən Üzeyir bəyə cavab gəlir və “Arşın mal alan” filminin çəkilməsi təklifi irəli sürülür. Filmin çəkilişi üçün hazırlıq işləri başlayır. Bu zaman İrəvanda yerli orkestrlə çalışan Rəşid Behbudov Bakıda qastrol səfərinə gəlir. Bəstəkar  Üzeyir Hacıbəyli, çəkiləcək filmin rejissorları Nikolay Leşenko, Rza Təhmasib onun konsertində iştirak edirlər. R.Behbudov konsert zamanı “Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı ifa edir. Konsert sonrası yaradıcı heyət Rəşid  Behbudova yaxınlaşaraq əsl Əsgər obrazını tapdıqlarını bildirirlər. Beləliklə, R.Behbudovun iştirakı ilə “Arşın mal alan” filmi  çəkilir və 1945-ci ildən ekranlara çıxır. Film ümumilikdə 100-dən çox ölkədə nümayiş olunaraq dünya ekranlarını fəth edir...

“Arşın mal alan” operettasının 100 illiyi 2013-cü ildə UNESCO-nun əlamətdar tarixlər və yubileylər proqramına salınmış və bu təşkilatda da qeyd edilmişdi. Həmçinin yubileylə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü əsasında 1945-ci ilin ağ-qara formatlı “Arşın mal alan” filmi rəngli formatda bərpa olunub.

Bu, həm Üzeyir Hacıbəyli yaradıcılığı üçün, həm də mədəniyyət tariximiz üçün əlamətdar bir hadisə idi. Bu gün rəngli formatda təqdim edilən  “Arşın mal alan” filmində artıq zaman fərqi  hiss edilmir. Film sanki müasir dövrdə çəkilib...

Selcan Heydərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin böyük elmi işçisi