Salyanda Xəlil Rza Ulutürkün doğum günü qeyd edilib

 

Salyan rayon Mədəniyyət Mərkəzi və şəhər klublarının birgə təşkilatçılığı ilə Xalq şairi Xəlil Rza Ulutürkün (1932-1994) doğum gününə həsr olunmuş “İstiqlal şairi” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə şairin doğmaları, ədəbiyyatsevərlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda azadlıq atəşinin X.R.Ulutürk poeziyasının aparıcı motivini təşkil etdiyi qeyd edilib, şairin lirikanı siyasi mübarizənin ideya silahına çevirdiyi vurğulanıb. Qeyd olunub ki, X.R.Ulutürk təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qüdrətli söz sənətkarlarından biri kimi tanınıb. Azad düşüncənin hakim kəsildiyi poeziyası gənc nəsillərin milli mənlik şüurunun formalaşması baxımından dəyərli xəzinədir.

Tədbirin bədii hissəsində ədəbi-bədii kompozisiya təqdim olunub, şairin şeirləri səsləndirilib, sözlərinə bəstələnən mahnılar ifa edilib.

Nurəddin