Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi şəhidləri barədə oxuculara məlumat verməyə davam edirik. Bu dəfə 44 günlük müharibənin şəhid çavuşu Fariz Həsənov haqqında söz açırıq.

Fariz Şahin oğlu Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Kənddə 1 nömrəli tam orta məktəbi bitirib. 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyası sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qayıdıb.

2020-ci ilin Vətən müharibəsində döyüşlərdə igidlik göstərib. Oktyabrın 13-də Füzuli istiqamətində döyüş zamanı şəhid olub. Doğulduğu Dağ Kəsəmən kəndində torpağa tapşırılıb. İki övladı yadigar qalıb.

Həyat yoldaşı Əzizə Həsənova deyir ki, tale Farizi onun qarşısına çox ağır günlərində çıxarmışdı: “Evin tək övladı idim. Anam, iki il sonra da atam dünyasını dəyişdi. Bu, çox ağır bir sınaq idi. Farizin dostu mənim rəfiqəmlə evli idi. Dostlarımız sayəsində tanış olduq. Sonra evləndik. Səkkiz il xoşbəxt yaşadıq. Bu 8 ildə onunla 80 il yaşamış kimi bir ömrümüz oldu... Bir qızımız, bir oğlumuz var – Ruslan və Sevinc. Fariz şəhid olandan sonra məni həyata bağlayan onlar oldu. Düşündüm ki, uşaqların xətrinə güclü olmalıyam. Onun yadigarlarını atalarına layiq şəkildə böyütməliyəm. Mənim bütün ömrüm ona həsr olunub. Hər addımımda, hər anımda onu yanımda hiss edirəm. Fariz indi də mənə sağlığında olduğu qədər güc verir, ruh verir. Şəhid xanımı olaraq fəxr edirəm ki, seçilmiş bir insanın həyat yoldaşı olmuşam”.

Əzizə xanım Farizin 2016-cı ilin Aprel döyüşlərində də iştirak etdiyini bildirir: “Həmin döyüşlərdə göstərdiyi şücaətə görə fəxri fərman və medallarla təltif olunmuşdu. Döyüş yoldaşları onun cəsur bir insan olduğunu deyirdilər. Fariz həm həyat yoldaşı, həm də ata kimi çox həssas, ürəyiyumşaq insan idi”.

Əzizə Həsənova 2021-ci ildən Odlar Yurdu Universitetində ali təhsil alır: “Şəhid xanımı olaraq həm sevincli, həm də kədərliyəm. Tələbə olarkən hər kəs sevinir. Kədərli olmağımın səbəbi qəhrəmanımın bu sevincimi görməməsidir. Fariz ali təhsil almağımı və təhsili övladlarıma aşılamağımı çox istəyirdi. Övladlarımız doyunca ata çörəyi yeyə bilmədilər. Ancaq əlimdən gələni edəcəyəm ki, onlar doyunca ana çörəyi yesinlər”.

Əzizə xanım qəhrəman həyat yoldaşının adını qəlbində yaşatdığı kimi, ötən il işıq üzü görən “Sevən qəlbin fəryadı” adlı kitabını da ona həsr edib. Kitabda müharibənin yaratdığı acılar, eyni zamanda Qələbədən doğan qürur, vətənpərvərlik ruhunun gənclərə aşılanması, ailə və milli-mənəvi dəyərlər, ən əsası, bir şəhid xanımının bu ağır iztirablara rəğmən ayaqda dura bilməyinin vacibliyi və mümkünlüyü vurğulanıb.

Müəllif özü kitab barədə belə deyir: “Mən sadə, qapalı bir həyat keçirən insan olmuşam. Yazarlığa meylim yox idi. Fariz həmişə deyərdi ki, ömrümüzdən keçən gözəl xatirələri yaz saxla, vaxt gələr balalarımız oxuyar. O, şəhid olandan sonra bu dedikləri yadıma düşdü. Fikirləşdim ki, mən onun arzusunu həyata keçirməliyəm. Bu kitabı yazmaqla Farizin vəsiyyətini yerinə yetirmiş oldum. Mənim üçün çox qürurvericidir ki, təəssüratlarımı, hiss və duyğularımı, ən əsası, sevgimi həkk etdiyim kitabı oxucularla bölüşdüm. İstərdim ki, bu kitab əsasında film də çəkilsin. Bir hərbçinin ömür yolunu işıqlandıran film...”.

Qeyd edək ki, Fariz Həsənov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhu şad olsun.

Nurəddin