Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, Bakı Media Mərkəzi, İctimai Televiziya və “Arizona Films” (Fransa) şirkətinin birgə istehsal etdiyi “Mərmər soyuğu” bədii filmi noyabrın 7-dən 12-dək Almaniyada – 33-cü Cottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.

Kinostudiyadan bildirilib ki, “Mərmər soyuğu” ilə birlikdə festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri yer alıb.

Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser İradə Bağırzadədir.

Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Filmin beynəlxalq festivallarda ilk nümayişi 2022-ci ilin noyabrında Tallində (PÖFF – “Qara Gecələr” Film Festivalı) olub.