Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında (Kürdəmir şəhəri) Xalq şairi Məmməd Arazın (1933-2004) 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, Kürdəmir şəhər 4 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Aytən Umudova, rayon icra başçısının müavini Vəsilə Əsgərli, yazıçı-publisist Əlisəfa Azayev, Mərkəzi Aran RMİ-nin Kürdəmir rayonu üzrə nümayəndəsi Vaqif Alıyev, kitabxanaçı, şəhid anası Müşkünaz Əliyeva və başqaları şairin yaradıcılığından danışıblar.

Məktəblilər Məmməd Arazın şeirlərini söyləyiblər. Şairin həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib, sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib.

Sonda Məmməd Arazın şeirlərini daha yaxşı qiraət edən şagirdlərə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanları təqdim olunub.