Şərqi Zəngəzur RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Milli Qəhrəman, Vətən müharibəsinin şəhid polkovniki Şükür Həmidovun anım mərasimi keçirilib. Tədbirdə Vasili Əliyev adına Qubadlı rayon və Mahmudlu kənd mədəniyyət evlərinin əməkdaşları tərəfindən kompozisiya təqdim edilib, şeirlər söylənilib.

Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Ş.Həmidov Lələtəpə strateji yüksəkliyinin azad edilməsində xüsusilə fərqlənib. Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Vətən müharibəsi zamanı 2-ci Ordu Korpusunun komandir müavini olan Ş.Həmidov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətindəki döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 22-də Qubadlının azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif olunub.

***

Zaqatala rayonunda Vətən müharibəsi şəhidləri Rəsul Süleymanlı və Əhməd Putiyevin şəhadətə yüksəlmələrinin üçüncü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Çıxış edənlər şəhidlərin qanının yerdə qalmadığını, düşməndən qisas alındığını, doğma Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunduğunu vurğulayıblar. Məktəblilər şəhidlərə, Vətənə aid şeirlər söyləyiblər.

Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. Vətən müharibəsinin ilk günündən snayper kimi döyüşlərə qatılan Rəsul Tərtər rayonu istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əhməd Putiyev isə 2001-ci il avqustun 12-də Zaqatalanın Mazıx kəndində doğulub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Qax rayonundakı mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən Vətən müharibəsinin şəhid baş əsgəri Nihad Abbasova həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidin məzarını ziyarət edilib, ruhuna dualar oxunub. Çıxış edənlər 44 günlük müharibədə qazanılan Zəfərin əhəmiyyətindən söz açıb, şəhidlərimizin heç vaxt unudulmayacağını söyləyiblər.

Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. Vətən müharibəsi zamanı Suqovuşan və Talış kəndlərinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin şəhid giziri Baba Qasımovun ailəsini ziyarət ediblər.

Baba Qasımov 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 21-də Qubadlının azadlığı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”,  Füzuli, Qubadlı və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

***

Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov və bir qrup mədəniyyət nümayəndəsi Vətən müharibəsinin şəhid kapitanı Samir Mehdiyevin anım günü münasibətilə ev-muzeyini və məzarını ziyarət edib.

Samir Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində anadan olub. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan S.Mehdiyev Vətən müharibəsi zamanı oktyabrın 23-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şirvanda Vətən müharibəsinin daha bir şəhidi Şəmsəddin Vəliyevin xatirəsi yad olunub. Şəhidin həyatı və döyüş yolundan söz açılıb. Qeyd olunub ki, Ş.Vəliyev 2001-ci il yanvarın 22-də Sabirabad rayonunun Dadaşbəyli kəndində dünyaya göz açıb. Vətən müharibəsi başlayan gündən ön cəbhədə yer alan Şəmsəddin Füzuli, Xocavənd və Şuşa istiqamətlərindəki döyüşlərdə iştirak edib. Oktyabrın 24-də Xocavəndin Tuğ kəndi istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

***

Şəmkir rayon Mərkəzi Kitabxanasında 44 günlük Vətən müharibəsi şəhidləri Hafiz Həziyev, Nəriman Rəsulov və Elmin Quluzadənin doğum günləri ilə əlaqədar “Sizinlə qürur duyuruq!” başlığı altında tədbir keçirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların qəhrəmanlığından danışılıb. Sonda mövzu ilə bağlı tərtib edilmiş sərgiyə baxış olub.

Nurəddin Məmmədli