Oktyabrın 26-da Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Ələkbər Muradovun (1948-2013) 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində fondun foyesində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi təşkil olunmuşdu.

Tədbiri Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Ələkbər Muradovun kino və televiziya yaradıcılığı haqqında ətraflı məlumat verdi. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil aldıqları illərlə bağlı xatirələrini bölüşən direktor rejissoru hər zaman müstəqil və sənətini sevən insan kimi xarakterizə etdi. Bildirdi ki, Tofiq Tağızadə, Fikrət Əliyev, Davud İmanov kimi sənətkarlarla əmək fəaliyyətinə başlayan Ələkbər Muradov kinoda öz sözünü demiş və öz işləri ilə hər zaman diqqət çəkə bilmişdi. Rəssamlıq və fotoqrafiya ilə də məşğul olduğu üçün onun kinoda peşəkarlığı hər zaman hiss olunurdu.

Qeyd olundu ki, Ələkbər Muradovun istər bədii, istərsə də sənədli filmlərində Abşerona sevgisi, Abşeron koloriti xüsusilə nəzərə çarpır: “Təsviri sənətimizin böyük ustadlarından Səttar Bəhlulzadə ilə dostluğu və onun palitrasının rəngləri Ələkbərin bütün yaradıcılığında böyük əhəmiyyət kəsb edirdi. Bəlkə də elə bu səbəbdən əbəs deyil ki, onun son işlərindən biri məhz İctimai Televiziyada lentə aldığı Səttardan bəhs edən “Sonuncu dərviş” filmi idi”.

Sonra operatorun oğlu, atasının sənət yolunu davam etdirən Murad Muradovun sənətkara həsr edilmiş “Ümid dayanacağında” filmi ilk dəfə tamaşaçılara təqdim olundu. Sənədli filmdə Ələkbər Muradovun həyat və yaradıcılıq yolundan söhbət açılır. Rejissorun ailə üzvləri, sənət dostları xatirələrini bölüşür, hələ gənc yaşlarında fotokameranın yaddaşına köçürdüyü kadrlar nümayiş olunur. Xalq artisti Mərahim Fərzəlibəyov, hazırda İsraildə yaşayan rejissor və dramaturq Yefim Abramov Ələkbər Muradovun uşaqlıq, gənclik illəri ilə bərabər, birgə yaradıcılıq prosesi barədə xatirələrini dilə gətirirlər. Filmdə rejissorun vaxtilə televiziya kanallarından birinə verdiyi müsahibədən kadrlar da yer alıb.

Nümayişdən sonra Ə.Muradovun “Yaddaşın rəmzi” filminin ssenari müəllifi Mahir Qəribov və mərhum rejissorun ailə üzvləri adından AMEA Neft və Qaz İnstitutunun şöbə müdiri Fəxrəddin Kərimov tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, Ələkbər Muradov Bakının Əmircan kəndində kinomexanik Yunus Muradovun ailəsində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda və Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb.

1973-cü ildən taleyini “Azərbaycanfilm” kinostudiyasına bağlayan Ə.Muradov burada “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm!” bədii filmlərində ikinci operator olub. O, həmçinin “Qaladan tapılan mücrü” (V.Kərimovla birgə), “Zirzəmi”, “Müqəddəs oda yanaram”, “O dünyadan salam” və s. bədii filmlərin quruluşçu operatorudur. 2002-ci ildə quruluş verdiyi “Güllələnmə təxirə salınır” bədii filmi milli kinomuzda özünəməxsus yer tutur. Ə.Muradovun filmoqrafiyasına “Anaya məktub”, “Gəmiqaya rəsmləri”, “Səadət təranələri”, “Odlu ürək”, “Nəsirəddin Tusi”, “Bakı: müharibə illəri” və s. sənədli filmlər də daxildir.

Lalə Azəri