Vətənə xidmət etmək üçün doğulduğun məmləkətdə yaşamaq əsas şərt deyil. Xalqını, ölkəsini düşünən, onun inkişafı üçün çalışan insan elə vətənindən uzaqlarda da gərəkli ola bilir... Tarixçi alim, şərqşünas, ictimai xadim, tanınmış ədib, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbdül Hüseynov da belə soydaşlarımızdan olub. Ömrünün böyük hissəsini Azərbaycandan kənarda yaşasa da, daim öz ana yurdu ilə nəfəs alıb, onun qayğılarını düşünüb.

Əbdül Ənbiyə oğlu Hüseynov 25 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində dünyaya göz açıb. Məktəbli ikən II Dünya müharibəsi başlayır. Könüllü olaraq müharibəyə gedir. Qayıtdıqdan sonra bir müddət Rusiyada “Krasnovodsk fəhləsi” qəzetinin baş redaktor müavini vəzifəsində çalışır. 1956-cı ildə Aşqabad Dövlət Universitetinin Hüquq-tarix fakültəsini bitirir. 1958-ci ilə qədər Türkmənistan mədəniyyət nazirinin müavini vəzifəsində işləyir.

Aşqabadda keçirilən ittifaq miqyaslı bir tədbirdə Moskvadan gələn Nelya adlı xanımla tanış olur. Qız onu Moskvaya dəvət edir. Nelyanın anası SSRİ təhsil nazirinin müavini, atası isə diplomat idi. O, 1960-cı ildə Moskvaya köçür.

Dövlət Kino Komitəsinin işçisi kimi uzun illər Türkiyədə, İran və Monqolustanda işləyir.  İranda olarkən böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarı ziyarət edir, onunla dostluq əlaqəsi yaradır.

10 ildən çox SSRİ Kinematoqrafiya İttifaqı Tehran nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərdiyi müddətdə İran şahının xanımı Fərəh Pəhləvi ilə səmimi münasibət qurur. Tehranda keçirilən rəsmi və mədəni-kütləvi tədbirlərə qatılır. SSRİ və dünya kinostudiyalarının istehsalı olan yeni filmləri şahın ailəsinə hədiyyə edir...

Ə.Hüseynov on ildən artıq Türkiyədə çalışıb. Həmin dövrdə Azərbaycan kinosunun ilk dəfə beynəlxalq kinofestivala çıxmasına kömək edib. Onun Türkiyə dövrü çox məhsuldar olub. Apardığı tədqiqatlar əsasında “Türkiyədə həmkarlar ittifaqları”, “Mətbuat vasitələri Türkiyənin ictimai-siyasi həyatında”, “Türk kinosu: tarix və müasir problemlər”, “Həyat və qəhrəmanlıq”, “Möhsün Ərtoğrul teatrda və kinoda”, “Yılmaz Güney” kimi əsərlərini qələmə alıb.

Yazıçı Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması sahəsində də xidmətlər göstərib. Yazıçı-publisist Mehman Fərzullayev araşdırmasında yazır ki, Ə.Hüseynovun tərtib və nəşr etdirdiyi 560 səhifəlik “Azərbaycanlılar Rusiya tarixində” kitabında Rusiyanın dövlətçilik tarixində xidmətləri olan 550-dən artıq azərbaycanlıdan söhbət açılır... O, 1992-ci ildə hərbi operator Seyidağa Mövsümovun lentə aldığı 45 dəqiqəlik “Xocalı faciəsi” sənədli filminin  Azərbaycanın Rusiyadakı Səfirliyində, eləcə də bir sıra ölkələrdə nümayiş etdirilməsinə nail olub.

Rusiyada yaşadığı illər ərzində ədəbiyyat və mədəniyyətimizi bu ölkədə layiqincə təmsil və təbliğ edən yazıçı Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Ümumrusiya Azərbaycanlıları Konqresi və başqa təşkilatların işində fəal rol oynayıb. Ömrünün sonunadək Moskva Dövlət Universitetində və Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının (UİHİMŞ) ali məktəbində pedaqoji fəaliyyət göstərib. O, həmçinin SSRİ dağıldığı ərəfədə Rusiyada Azərbaycan diasporunun yaranmasında aktiv rol oynayıb.

Bədii yaradıcılıqla da məşğul olan Ə.Hüseynov xaricdə çalışdığı illərdə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı araşdırmalar aparıb və zəngin material toplayıb. Sonralar bu materiallar əsasında rus dilində “Mustafanın xəzinəsi”, “Arzamaslı qadın”, “Səlahəddin”,  “Taxta çıxan əkinçi”, “Üsyankar Xaqani” və başqa nəsr əsərlərini qələmə alır. Daha sonra müəllif “Bəhram Gurun məhəbbəti və kədəri”, “Müdrik adamın arzuları”, “Məhəbbət haqqında üç dastan”, “Müharibənin sədası” kimi roman və povestlər yazır. Ədib Birinci Qarabağ müharibəsi zamanı erməni faşistləri tərəfindən 1992-ci ilin 26 fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımı haqqında “Xocalı fəryadı” adlı romanın da müəllifidir. Rus dilində yazıb-yaradan Ə.Hüseynovun əsərləri Azərbaycan, ingilis, ispan, alman, fransız və ərəb dillərinə tərcümə edilib. Ölkəmizlə yanaşı, İran, Türkiyə, Kanada, Bolqarıstan və Rusiyada çap olunub.  Ssenariləri əsasında 7 film çəkilib.

Tanınmış yazıçı, pedaqoq, ictimai xadim Əbdül Hüseynov 14 may 2017-ci ildə, 92 yaşında Moskvada vəfat edib, orada torpağa tapşırılıb.

Savalan Fərəcov